Xocalı faciəsi - qan yaddaşımız

Xocalı faciəsi - qan yaddaşımız Tarixin elə ağrılı-acılı, qanlı-qadalı səhifələri var ki, onların dəhşətləri zaman keçdikcə də unudulmur, yaraları qaysaq bağlasa da, hey göynəyir. XX əsrdə xalqımızın başına gətirilən Xocalı müsibəti kimi! Xocalı qətliamı nəinki Azərbaycan xalqının tarixində, bütövlükdə bəşər tarixində erməni faşistlərinin insan təfəkkürünə sığmayan vəhşiliklərinin qanlı izidir. Misli görünməmiş qəddarlıqla həyata keçirilən bu soyqırımı yalnız Holokost, Xatın, Lidisa, Oradur, Sonqmi soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı olaylarla müqayisə oluna bilər. İnsanlığa qarşı öz vəhşiliyinə və qəddarlığına görə ən dəhşətli kütləvi terror hadisələrindən biri kimi tarixə düşmüş, Azərbaycan tarixinə qanla yazılmış Xocalı soyqırımının törədilməsindən 29 il keçir. 1992-ci ilin o müdhiş fevral gecəsində Ermənistan silahlı birləşmələri keçmiş sovet ordusundan qalmış 366-cı alayın köməyi və iştirakı ilə Xocalı sakinlərinə qarşı dəhşətli soyqırımı aktı törətdilər, dinc, silahsız xocalılara bir gecənin içində amansız divan tutdular. Soyqırımı nəticəsində yüzlərlə xocalılı qadın, kişi, yaşlı, cavan, körpə qətlə yetirildi, yüzlərlə insan yaralandı, xəsarət aldı, şikəst oldu, əsir düşdü. Ona görə fevralın 26-sı xalqımızın qan yaddaşı, mübarizlik, qəhrəmanlıq, rəşadət tarixidir.
Bu fikirləri Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, professor Gülçöhrə Məmmədova söyləyib. Professor bildirib ki, son 29 ildə Xocalı həqiqətlərinin dünyaya tanıdılması, Ermənistanın həyata keçirdiyi insanlıq əleyhinə cinayətin beynəlxalq miqyasda ifşası istiqamətində xeyli iş görülüb. Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdandan sonra bir çox faciələrimiz kimi Xocalı soyqırımına da siyasi-hüquqi qiymət verilməsi mümkün oldu. Məhz onun təşəbbüsü ilə Milli Məclis 1994-cü il fevralın 24-də “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etdi, sənəddə hadisənin başvermə səbəbləri, günahkarlar təfsilatı ilə açıqlandı. Ümummilli Liderimizin “Xocalı soyqırımının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 1997-ci il 25 fevral tarixli Sərəncamı ilə hər il fevralın 26-sı saat 17.00-da Azərbaycan Respublikasının bütün ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilir.
Hazırda Xocalı soyqırımının dünyaya tanıdılmasında istiqamətində məqsədyönlü işlər görülür. Bu baxımdan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın ardıcıl və səmərəli fəaliyyətini xüsusi qeyd etməliyik. Hər il xarici ölkələrdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində tədbirlər keçirilir. Bu fəaliyyətin nəticəsində bir sıra dünya ölkələrinin parlamentləri Xocalı hadisəsini soyqırımı kimi tanıyıb. Bu işin davam etməsi üçün bu gün də, sabah da fəaliyyət aparılmalıdır.
“Xocalı şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün dövlətimiz tərəfindən bir sıra mühüm tədbirlər həyata keçirilib. Bakıda, respublikamızın bir sıra bölgələrində, həmçinin xaricdəki diasporlarımızın maddi və mənəvi dəstəyi ilə dünyanın əksər ölkələrinin paytaxtlarında Xocalı şəhidlərinin xatirəsinə abidələr ucaldılıb. Vətən bu gün Xocalıda şəhid olanların ruhu qarşısında baş əyir, Xocalı soyqırımında həlak olanlar Azərbaycanın əziz vətəndaşlarıdır. Onlar respublikamızın ərazi bütövlüyü yolunda şəhid olublar, xalqımızın milli azadlıq yolunda apardığı mübarizənin qurbanlarıdır. Bu gün biz qalib ölkəyik, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin dəmir yumruğu sayəsində, məğrur ordumuzun, igid oğullarımızın qanı, canı bahasına cəmi 44 gün ərzində böyük Zəfərə imza atdıq. Bu gün torpaqlarımız azaddır, bir vaxtlar düşmən tapdağı altında olan şəhərlərimizdə, kəndlərimizdə indi üçrəngli bayrağımız dalğalanır. İndi hər qarış torpağı şəhid qanı ilə sulanan həmin ərazilərdə şəhidlərimizin narahat ruhları rahatlıq tapdı, doğmalarına qovuşdu”, - deyə Gülçöhrə Məmmədova bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər