ADPU-nun rektoru beynəlxalq konfransda çıxış edib

ADPU-nun rektoru beynəlxalq konfransda çıxış edib Azərbaycanda Təhsil İnstitutunun dəstəyi, Təhsil İdarəçiləri Assosiasiyası və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə Təhsil İdarəçiliyi Beynəlxalq Konfransı keçirilir. Konfransın ilk günündə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov “Təhsildə dəyişikliklərin idarə olunması” mövzusunda çıxış edib.
Rektor çıxışında təhsildə müasir yanaşmalar və dəyişikliklər, bu dəyişikliyin səbəbi və onun idarə edilməsindəki problemlər, müasir təhsildə çevik idarəçilik yanaşması və ali təhsildə idarəçilik problemləri kimi istiqamətlərdə konseptual məsələləri vurğulayıb. Professor C.Cəfərov deyib: “Texnologiyanın müasir inkişaf səviyyəsi, onun kommunikativ tərəfinin önə çıxması, təhsil sektorunun fəaliyyətində və idarə olunmasında yeni dəyişikliklər və vəzifələr yaradıb. Digər vacib dəyişikliyin səbəbi kimi pandemiyanın cəmiyyət həyatına və təhsilə təsirini qeyd etmək olar”.
Rektor vurğulayıb ki, koronovirus pandemiyası nəticəsində təhsil sektorunda uzunmüddətli strategiya və qaydaların yenidən işlənilməsinə ciddi ehtiyac var. Bu barədə UNESCO-nun da açıqlamaları mövcuddur. “Bu dəyişikliyə ölkəmiz çox çevik reaksiya verib və “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” dövlətimizin başçısı tərəfindən təsdiq olunub. “Qüdrətli dövlət və yüksək rifah cəmiyyəti” adı ilə verilmiş beş əsas prioritetdən üçüncüsü əsasən təhsil sahəsini əhatə edir. Tədris prosesi və təhsil idarə edilməsi “XXI əsrin tələblərinə uyğun təhsil” və “Yaradıcı və innovativ cəmiyyət” altprioritetlərinə uyğun qurulmalıdır. Bu prioritetdə qeyd edildiyi kimi, “təhsil sistemi gənc nəsli gələcək rəqəmsal texnologiyalar dövrünə hazırlamaq üçün onlara məktəb yaşından rəqəmsal səriştələrin aşılanmasına diqqət yetirməli, indikindən əsaslı şəkildə fərqlənən yeni bacarıqlar, ixtisaslar və peşələr verməlidir”.
Professor C.Cəfərov Azərbaycandakı universitet idarəçiliyində dəyişikliklərin idarə olunması haqqında danışarkən bu məsələlərə də diqqət çəkib: “İnfrastruktur dəyişikliyi və universitet şəhərciklərinin yaradılması; institusional islahat - publik hüquqi şəxsə çevrilmə; universitet təhsilində məzmunun, təlim, qiymətləndirmə üsullarının yenilənməsi və müasir tələblərə uyğunlaşdırılması; ən çətin vəzifə isə müvafiq infrastruktur və məzmuna uyğun insan resurslarının - professor-müəllim heyətinin, universitet administrasiyasının cəlb edilməsi və ya formalaşdırılmasıdır. Bu vəzifənin icrası istiqamətində “SABAH” magistraturası, xaricdə təhsil üzrə mövcud dövlət proqramı və ikili diplom proqramları təsirli addımlardır; ümumilikdə təhsildə davranış və məsuliyyət bölgüsü yenidən formalaşmalıdır”.
Bu il ADPU-nun 100 yaşını qeyd edəcəyini diqqətə çatdıran rektor deyib: Pedaqoji Universitet “ADPU-2021 strateji inkişaf planı”na uyğun olaraq son 5 ildə mühüm dəyişikliklərdən keçib. Məzunların son 5 ildə MİQ imtahanlarındakı nəticələri sürətlə yaxşılaşıb. 100 illik yubileydən sonra ADPU-nun 2025-ci il üçün strateji planında bu istiqamətlər nəzərə alınacaq:
- Təhsilalanlara vətən, dövlət, tarix sevgisi aşılanmalı;
- Təhsilalanların milli mənlik süzgəcindən keçməsi;
- Təhsilalanlar öz ölkəsinin quruculuğuna xidmət etməli;
- Vətən sevgisi və müstəqil öyrənmə bacarıqlarının formalaşdırılması;
- Rəqəmsal biliklər və xarici dil bacarıqlarının verilməsi.
Beləliklə, təhsil ilə birlikdə texnologiya da inkişaf edir. Yaxşı təhsil almış və intellektual səviyyəsi yüksək insanlar elmi tədqiqatlar aparar və buradan çıxan nəticələri, elmə (texnologiyaya) tətbiq edərlər”.
Xatırladaq ki, aprelin 25-dək davam edəcək beynəlxalq konfransda 9 ölkədən yerli və beynəlxalq tədqiqatçılar, alimlər və təhsil işçiləri iştirak edirlər.

Tehsil-press.az


Oxşar xəbərlər