“Microsoft Teams” platformasının təhsil imkanları

“Microsoft Teams” platformasının təhsil imkanları Uzun illərdir ki, bütün dünyada məsafədən təhsil vasitələri və texnologiyaları inkişaf etdirilir və tətbiq olunur. COVID-19 pandemiyası dövründə bu texnologiyalardan qlobal miqyasda geniş istifadə olunmağa başlanılıb. Belə ki, bir çox təhsil müəssisələrində virusun yayılmasının qarşısını almaq məqsədilə tədris prosesi əyani sinif otağından virtual sinif mühitinə keçirilib.
Bununla yanaşı, onlayn təhsilin aktuallığı ilə təhsil dünyasını düşündürən bir çox suallar ortaya çıxıb. Effektiv məsafədən tədris prosesini necə və hansı alətlər vasitəsilə təşkil etmək? Ev mühitində şagirdləri öyrənməyə necə motivasiya etmək? Təlim-tədris prosesinin düzgün təşkilinə necə nəzarət etmək? Təhsil nəticələrini hansı formada təhlil etmək və s.
Ölkəmizdə təhsilin davamlılığını təmin etmək məqsədilə reallaşdırılan yeni təşəbbüslərə nəzər salır.
Aparılan araşdırmalar nəticəsində, məsafədən təhsilin təşkili istiqamətində beynəlxalq mühitdə effektiv, çoxfunksiyalı və təhlükəsiz vasitə kimi özünü sübut etmiş “Microsoft Teams” platforması əsasında “Virtual məktəb” yaradılıb.
“Microsoft Teams” platformasında məsafədən tədris prosesinin təşkili üçün lazım olan - video və audiodərslər, qrup işləri, məlumat paylaşımı, ev tapşırıqları, qiymətləndirmə, tədris cədvəlləri, monitorinq, nəzarət mexanizmləri, elektron poçt və virtual saxlanc xidmətləri kimi geniş imkanlar vahid platformada təqdim edilir. Təqdim edilən bu imkanlardan istifadə limitsiz və ödənişsizdir. Platformada məsafədən tədris prosesi milli təhsil məzmunu əsasında və Azərbaycan dilinə tərcümə edilmiş interfeys vasitəsilə təşkil olunur.
Qeydiyyat zamanı istifadəçilərə dair bütün məlumatların məxfiliyi qorunur. Tədris prosesində təhlükəsizliyin təmin edilməsi baxımından kənar şəxslərin dərslərə daxil olması mümkün deyil. Bununla yanaşı, təqdim edilən elektron poçt vasitəsilə məktubların rahat və təhlükəsiz mübadiləsi, virtual saxlanc xidməti vasitəsilə onlayn mühitdə məlumatların etibarlı formada saxlanılması mümkündür.
Platformada mərkəzləşdirilmiş monitorinq imkanı var ki, bu da öyrənmə nəticələrinə çevik reaksiya verərək, vaxtında düzəlişlər etməyə və effektiv tədris strategiyaları qurmağa şərait yaradır. Şagirdlərin testləri necə yerinə yetirdiklərini, hansı fənləri daha yaxşı mənimsədiklərini təhlil etmək üçün “Power BI” aləti vasitəsilə təhlil olunub, boşluqları müəyyən edib, məzmunu lazım olan yerlərdə zənginləşdirməyə imkan verir.
“Microsoft Teams” platforması məktəb üzrə bütün sinifləri görmək səlahiyyətinə malik olan məktəb rəhbərliyinə siniflər üzrə dərslərə, davamiyyətə nəzarət etmək imkanı yaradır. Həmçinin platforma vasitəsilə valideynlər övladlarının tədris prosesini izləyə bilir, dərs prosesində iştirakına və nəticələrinə nəzarət edir, müəllimlər ilə rahat əlaqə qurur və əməkdaşlıq edirlər.
Nəzarət mexanizmi həm də ümumi ölkə üzrə faiz göstəriciləri, ayrı-ayrılıqda təhsil müəssisələri üzrə qeydiyyatdan keçmiş müəllim, şagird sayı, siniflər üzrə şagirdlərin yaş qrupları, bölmələr üzrə statistik göstəricilərlə tanış olmaq və bu göstəricilər əsasında müvafiq təhlillər aparmaq imkanları təqdim edir. Dərsləri daha maraqlı, əyləncəli və öyrədici formada təşkil etmək məqsədilə müxtəlif interaktiv alətlər, tədris məzmunlu resurslar platformaya rahatlıqla inteqrasiya olunur. Platformada təlim nəticələrini yoxlamaq üçün ev tapşırığı və qiymətləndirmə modulları mövcuddur.
Platforma məlumat paylaşımına imkan verən vahid mühitin təmin olunması ilə yanaşı, geniş məzmun bazası kimi də fəaliyyət göstərir. Belə ki, bu gün “Microsoft Stream” vasitəsilə yazılan mühazirələr yaddaşda saxlanılır və daha sonra o dərsləri təkrar izləmək imkanı vardır. Müxtəlif fənlər və siniflər üzrə dərslərin təşkili, qarşılıqlı əlaqə, məlumat paylaşımı, qrup işləri üçün sinif otaqlarının, iclas və pedaqoji şuraların keçirilməsi üçün virtual müəllim otaqlarının yaradılması mümkündür. Siniflərin komplektləşdirilməsi, müəllim və şagirdlərin yerdəyişməsi, I sinfə şagird qəbulu kimi bütün proseslər avtomatik inteqrasiya olunur və platformada öz əksini tapır.
Habelə platformadakı “Birgəlik” rejimi onlayn dərs iştirakçılarına vahid məkanda görüşmək imkanı verir. Bununla yanaşı, onlayn dərslərdə şagirdləri komanda şəklində hiss etməyə və geniş virtual fon effektləri ilə müxtəlif mühitlərə səyahət etməyə şərait yaradır. “İmmersiv oxuyucu” funksiyası isə şəkilli lüğət, səsli oxuma, sətirlərin seçilməsi və təqdim olunmuş mətni 60-dan çox dilə tərcümə etməyə imkan verir.
Platformanın yuxarıda qeyd edilən bütün təhsil imkanlarından kompüter, planşet və ya mobil telefon vasitəsilə rahatlıqla istifadə etmək olur. “Microsoft Teams” platformasının vacib üstünlüklərindən biri isə onun yeniliklərə açıq olması və milli təhsil sisteminə uyğun dəyişikliklərin edilməsi imkanının olmasıdır.

Tehsil-press.az



Oxşar xəbərlər