BDU ilə İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu arasında əməkdaşlıq məsələsi müzakirə olunub

BDU ilə İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu arasında əməkdaşlıq məsələsi müzakirə olunub Bakı Dövlət Universitetində (BDU) İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə təşkilatla Bakı Dövlət Universiteti arasında qarşılıqlı əməkdaşlıq, həmçinin gələcək planlar barədə fikir mübadiləsi aparılıb, əməkdaşlığın genişləndirilməsi yolları müzakirə edilib.
Görüşdə çıxış edən İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun (ICYF) prezidenti Taha Ayhan BDU ilə beynəlxalq əlaqələr klublarının yaradılması, beynəlxalq startap layihələrində iştirak və BDU tələbələrinin startaplarla bağlı təlimlərə qoşulması, birgə beynəlxalq simpoziumların keçirilməsi kimi istiqamətlər üzrə əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb.
BDU-nun rektoru Elçin Babayev universitetin elmi potensialı, gənc tədqiqatçılar üçün universitetdə yaradılan şərait, aparılan elmi tədqiqatlar, tələbələrin elmi-texniki yaradıcılıq mərkəzi haqqında geniş məlumat verib. BDU-da elmi layihələrin, startapların reallaşdırılmasına xüsusi diqqət göstərildiyi vurğulanıb. Tədqiqat universitetinə çevrilmək, eyni zamanda, gənclərin elmi tədqiqatlara fəal cəlb edilməsi istiqamətində atılan addımlara diqqət çəkib. İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun layihələrində tədqiqatçıların fəal iştirak etməsi, birgə layihələrin həyata keçirilməsi perspektivlərini yüksək qiymətləndirib.
Tədbirdə BDU-nun elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov, sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektor Əliş Ağamirzəyev, Elmi-təşkilati şöbənin müdiri Mahir Pirquliyev, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Həsənov, İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun icraçı direktoru Rəsul Ömərov, təşkilatın Avrasiya regional mərkəzinin idarə heyətinin sədri Elçin Əsgərov, təşkilatın prezidentinin icraçı köməkçisi Javharat Dinavasova iştirak ediblər.

Tehsil-press.az


Oxşar xəbərlər