ADPU-nun Şamaxı filialında Respublika Günü münasibətilə elmi-praktik konfrans təşkil edilib

ADPU-nun Şamaxı filialında Respublika Günü münasibətilə elmi-praktik konfrans təşkil edilib Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 100 və universitetin Şamaxı filialının 30 illik yubileyləri ərəfəsində filialda Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 103 illiyi münasibətilə elmi-praktik konfrans keçirilib.
Konfransda universitetin prorektoru, professor Fikrət Rzayev, AMEA Tarix İnstitutunun icraçı direktoru, professor Cəbi Bəhrəmov, ADPU-nun İbtidai təhsil fakültəsinin dekanı, professor Fərrux Rüstəmov, Bakı Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının dosenti Boran Əzizov və eləcə də ADPU-nun Şamaxı, Ağcabədi, Cəlilabad, Şəki və Quba filiallarının rəhbərliyi və əməkdaşları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan filialın direktoru, dosent Tünzalə Yusifova ADPU-nun 100 və Şəki, Quba, Şamaxı filiallarının 30 illik yubileyləri ərəfəsində keçirilən tədbirlərin xüsusi önəm daşıdığını qeyd edib.
Respublika Günü münasibətilə keçirilən konfransın işinə uğurlar arzulayan natiq 28 mayın Azərbaycan tarixində böyük rol oynadığını, Şərqdə ilk demokratik respublika olan AXC-nin, eyni zamanda, xalqımızın müstəqillik əzmini nümayiş etdirdiyini vurğulayıb. AXC-nin siyasi varisi elan olunan müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyev qeyd etmişdir ki, biz bu gün müstəqil Azərbaycan Respublikasını qururuqsa, ayağa qaldırırıqsa, Azərbaycan Xalq Cümhuriyyətinə borcluyuq. Bu gün də Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu davam etdirilir. 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması isə dövlətçilik səviyyəsində tariximizə, kökümüzə bağlılığın göstəricisidir.
Professor F.Rzayev qeyd etdi ki, regionlarda dövlət əhəmiyyətli günlərlə bağlı belə tədbirlərin keçirilməsi mühüm əhəmiyyət kəsb edir. O, Şamaxı filialının gələcək fəaliyyətinə uğurlar arzulayıb.
Sonra professor C. Bəhrəmov “Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan milli dövlətçilik tarixində yeri və rolu”, dosent B. Əzizov “Cümhuriyyətə gedən yol: Milli azadlıq hərəkatının aktuallığı, mənbələri, dövrləri və cərəyanları”, professor F. Rüstəmov “Azərbaycan Xalq Cümhuriyyətinin təhsil siyasəti”, filialın Sosial və pedaqoji elmlər kafedrasının müdiri, Şamaxı rayon Ağsaqqallar Şurasının sədri, dosent Mayıl Alıcanov “AXC-nin ərazi bütövlüyü uğrunda Azərbaycan ordusunun mübarizəsi”, Dil-ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Eyvaz Eminalıyev “Demokratik Cümhuriyyət dövrü bədii ədəbiyyat” mövzularında çox maraqlı məruzələr ediblər.
Tələbələr adından II kurs tələbəsi Narınc Cəbrayılova Nəriman Həsənzadənin “Sən mənimsən, mən də sənin, Azərbaycan!” şeirini səsləndirib.

Tehsil-press.az


Oxşar xəbərlər