AMEA-nın Fəlsəfə İnstitutu beynəlxalq əlaqələrini genişləndirir

AMEA-nın Fəlsəfə İnstitutu beynəlxalq əlaqələrini genişləndirir İyulun 3-də Mərakeş Krallığının Azərbaycandakı səfirliyinin müşaviri Faouzi Touiger AMEA-nın Fəlsəfə İnstitutunda olub. İnstitutun direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə qonağa elmi müəssisənin tarixi, fəaliyyəti, aparılan tədqiqat işləri haqqında ətraflı məlumat verib.
İlham Məmmədzadə, həmçinin beynəlxalq əlaqələr sahəsində görülən işlərdən, xarici ölkələrin elmi müəssisələri ilə qurulan əlaqələrdən, birgə keçirilən beynəlxalq konfranslardan söhbət açıb. O, beynəlxalq münasibətlər sahəsində Mərakeşin elm ocaqları ilə birgə konfranslar keçirə biləcəklərinin mümkün olduğunu deyib.
İ.Məmmədzadə Mərakeş alimlərinin tədqiqatlarının Fəlsəfə İnstitutunun üç dildə fəaliyyət göstərən internet saytında dərc edilməsini birgə fəaliyyət baxımından müsbət hal kimi qiymətləndirib.
Qonaqpərvərliyə görə institut rəhbərliyinə təşəkkür edən Faouzi Touiger ölkəsi haqqında görüş iştirakçılarına ətraflı məlumat verib. Mərakeş universitetlərindən söz açan qonaq elm sahəsində əməkdaşlığın mümkün olduğunu bildirib.
Görüşdə Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini, dosent Eynulla Mədətli, elmi katib, dosent Sevinc Həsənova, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Zöhrə Əliyeva, Azərbaycan fəlsəfə tarixi şöbəsinin müdiri Arzu Hacıyeva və İdrak nəzəriyyəsi şöbəsinin müdiri Füzuli Qurbanov iştirak ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər