Elmi seminar: Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur

Elmi seminar: Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş "Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur” mövzusunda elmi seminar keçirilib.
Tarix fakültəsinin dekan vəzifəsini icra edən İbrahim Zeynalov “15 İyun – Milli Qurtuluş Günü” və onun müstəqil Azərbaycanın tarixində xüsusi yeri və rolu haqqında məlumat verib.
Elmi seminarda Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Cavid Osmanov “Heydər Əliyev müstəqil Azərbaycanın xilaskarı və qurucusudur” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi bildirib ki, bəşər tarixində liderlərin böyüklüyü bir tərəfdən yaşadığı dövrdə gördüyü işlərin, yaratdıqlarının əhəmiyyəti ilə ölçülürsə, digər tərəfdən onların fəaliyyətinin gələcəyin axarına təsiri, əks-sədaları ilə müəyyənləşir. Dərin fəlsəfəyə əsaslanan, daim zamanın nəbzini tutmağı, hadisələrə müdrik qiymət verməyi, siyasi potensialını çevik dəyərləndirməyi bacaran şəxsiyyətlər cəmiyyətdəki prosesləri düzgün istiqamətləndirməyə nail olur, təmsil etdikləri xalqları zamanın sərt fırtınalarından, çətin sınaqlarından üzüağ çıxarır, milli xilaskara çevrilirlər. Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, bütün varlığı ilə vətəninə, xalqına bağlı olan dünya şöhrətli siyasətçi və böyük dövlət xadimi, ümummilli lider Heydər Əliyev çağdaş tariximizdə əbədiləşib, respublikamıza rəhbərliyinin bütün dövrlərində vətən və xalq qarşısında misilsiz xidmətlər, xilaskarlıq missiyası, zəngin dövlətçilik irsi nümunəsi göstərib. Bir qərinədən də çox zaman kəsiyində Azərbaycana rəhbərlik etmiş ulu öndər Heydər Əliyev təkcə bu dövrdə deyil, bütün həyatı boyu xalqımızın rifahını düşünərək, bu amal uğrunda yorulmaz fəaliyyət göstərib, ömrünü bu yolda fəda etdiyi üçün qəlblərdə daimi sevgi, əbədiyaşarlıq qazanıb.
Seminarda ümummilli lider Heydər Əliyevin müasir Azərbaycanın xilaskarı və qurucusu kimi cahanşümul fəaliyyəti faktlar əsasında təhlil olunub.

Tehsil-press.az

Oxşar xəbərlər