Ədəbiyyat İnstitutu kolumbiyalı şairlə görüş keçirib

Ədəbiyyat İnstitutu kolumbiyalı şairlə görüş keçirib AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu kolumbiyalı şair Kamila Çarri Noriyeqa ilə onlayn görüş təşkil edib.
AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru akademik İsa Həbibbəyli çıxışında görüşün qarşılıqlı elmi-ədəbi əlaqələrin gələcək inkişafına töhfə verəcəyini vurğulayıb. Akademik İsa Həbibbəyli bildirib ki, indiyə qədər Kolumbiyanın dünya şöhrətli yazıçısı Qabriel Qarsia Markes Azərbaycan-Kolumbiya ədəbi əlaqələrinin əsas siması idisə, artıq xanım Kamila Çarrinin timsalında yeni əlaqələr qurulur. Qeyd edilib ki, Kamila Çarri Kolumbiyanın Boqota şəhərində anadan olub və 2003-cü ildən ədəbiyyat və incəsənət müəllimi işləyir. Onun şeirləri və hekayələri yerli və beynəlxalq jurnallarda dərc edilib. “Los Conjurados Collection” tərəfindən nəşr olunan “Detrás de la bruma” onun ilk şeirlər toplusudur. O, “Güllərin arxasında”, “Bu gün”, “Başqa gözlər”, “Günəş və bədən”, “Arde Babel” kitablarının müəllifidir. “Arde Babel” 2018-ci və 2019-cu illərdə Meksika və Qvatemalada nəşr olunub. Kamila Çarri Kolumbiyada qadınlar tərəfindən yazılmış esseləri dərc edən “La trenza” jurnalının həmmüəllifidir.
Akademik, həmçinin Ədəbiyyat İnstitutu, onun dünya ədəbiyyatını öyrənən bir neçə şöbəsi haqqında məlumat verib. “Dünya ədəbiyyatı” jurnalının bir nömrəsinin Kolumbiya ədəbiyyatına həsr edilməsini, Kamila Çarriyə xüsusi yer ayrılmasını tövsiyə edib. Əlavə edib ki, bu nəşr keçirilən görüşün praktik nəticəsi olar.
Kolumbiyanın Azərbaycandakı səfiri Luis Antonio Dimate Kardenas çıxış edərək görüşə görə təşəkkürünü çatdırıb. Azərbaycanla Kolumbiya arasındakı diplomatik əlaqələrin 26 illik tarixi olduğunu, Bakıda Kolumbiya səfirliyinin yeddi ildir fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Səfir bu illər ərzində görülmüş işlərdən də söz açıb. O, səfirliyin dəstəyi ilə Azərbaycan ədəbiyyatı antologiyasının ispan dilində, Kolumbiya ədəbiyyatı antologiyasının Azərbaycan dilində çap olduğunu xatırladıb.
Tədbirdə Kamila Çarri Noriyeqa müasir Kolumbiya ədəbi-mədəni mühiti haqqında mühazirə oxuyub.
Azərbaycan Yazıçılar Birliyinin (AYB) Beynəlxalq məsələlər üzrə katibi Səlim Babullaoğlu isə Kolumbiya ədəbiyyatının ispandilli mədəniyyət kontekstində yeri barədə danışıb. Təklif edib ki, Kamila Çarrinin redaktoru olduğu jurnalda azərbaycanlı qadın şairlərin də əsərlərinə yer ayrılsın. AYB-nin mətbu orqanı olan “Ədəbiyyat qəzeti”ndə isə kolumbiyalı qadın şairlərin şeirləri və onlar haqqında araşdırma yazıları çap olunsun.
Görüşdə institutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli, direktor müavinləri, dosentlər Əlizadə Əsgərli və Aygün Bağırlı, Dünya ədəbiyyatı və komparativistika şöbəsinin müdiri professor Gülər Abdullabəyova, Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri professor Bədirxan Əhmədov, Təhsil şöbəsinin müdiri sosiologiya üzrə fəlsəfə doktoru Samir Səttarov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Xanım Zairova və başqaları iştirak ediblər.

Tehsil-press.az


Oxşar xəbərlər