Satıcı-kassir peşə ixtisası üzrə təlimlər təşkil olunacaq

Satıcı-kassir peşə ixtisası üzrə təlimlər təşkil olunacaq “Bacarıqlı ol” usta yanında öyrənmə proqramı çərçivəsində Peşə Təhsili üzrə Dövlət Agentliyi və “Bazarstore” MMC satıcı-kassir peşə ixtisası üzrə Bakı, Sumqayıt və Gəncə şəhərlərində qısamüddətli ödənişsiz təlim təşkil edəcək.
12 həftəlik təlim proqramı nəzəri və praktiki dərslərdən ibarət olacaq. Təlim çərçivəsində iştirakçılar ərzaq və qeyri-ərzaq malları üzrə satıcı işinin təşkili, xəzinədar işinin əsasları, əmək təhlükəsizliyi, qida təhlükəsizliyi və sanitariya qaydaları, müştəri özəllikləri və müştəri məmnuniyyəti və s. mövzular üzrə nəzəri və praktiki bilik və bacarıqlar əldə edəcəklər.
Təlimin nəzəri hissəsi Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində, Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzində, Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində həftədə bir gün keçiləcək. Praktiki hissəsi isə Bakı, Sumqayıt və Gəncə şəhərlərində fəaliyyət göstərən “Bazarstore” MMC-nin mağazalar şəbəkəsində həftənin dörd günü real iş şəraitində təşkil olunacaq. Təlim müddətində iştirakçılar aylıq yol xərci, fərdi qəza sığortası, “Bazarstore” MMC-nin uniforması (xüsusi geyim) və qida ilə təmin olunacaqlar.
Satıcı-kassir peşə ixtisası üzrə kursu müvəffəqiyyətlə tamamlayan iştirakçılar Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş sertifikat əldə edəcək və “Bazarstore” MMC-nin mağazalar şəbəkəsində işləmək imkanı qazanacaqlar.
Təlimdə yaşı 18-dən yuxarı fiziki sağlam, əmək qabiliyyətli, öyrənmək və pərakəndə satış sahəsində peşəkar olmaq istəyən, heç bir müəssisədə işləməyən, əyani təhsil almayan vətəndaşlar iştirak edə bilər.
Sentyabrın 15-də başlayacaq təlimə qoşulmaq istəyənlər avqustun 22-dək müraciət edə bilərlər.

Tehsil-press.az



Oxşar xəbərlər