BDU-da ICESCO-nun “Cihazqayırma və tərsinə mühəndisliyin əsasları” üzrə birinci seminarı başa çatıb

BDU-da ICESCO-nun “Cihazqayırma və tərsinə mühəndisliyin əsasları” üzrə birinci seminarı başa çatıb Bu gün Bakı Dövlət Universitetində (BDU) ICESCO-nun “Cihazqayırma və tərsinə mühəndisliyin əsasları” üzrə birinci seminarının bağlanış mərasimi keçirilib. Bağlanış mərasimdə çıxış edən BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru Mais Süleymanov seminarının əhəmiyyətindən bəhs edərək, birinci seminarda tələbələrin fəallıq göstərməsindən ətraflı danışıb. Tələbələrə sürətlə inkişaf edən cihazqayırma sahəsində zəruri biliklərin praktik əsaslarla öyrədilməsində seminarın rolunu vurğulayıb.
Sonra seminarda iştirak edən BDU, AzTU, BMU və ADNSU komandalarının nümayəndələri çıxış edərək seminar barədə təəssüratlarını bölüşüblər.
Tədbirdə seminar iştirakçılarına və fəal “BDU könüllüləri”nə sertifikatlar təqdim olunub.
Seminar müddətində hazırladıqları cihazlara görə fərqlənən iştirakçılar Təşkilat Komitəsi tərəfindən mükafatlandırılıb. BDU-nun Fizika fakültəsinin II kurs magistrantı Kənan Həsənov III, ADNSU-nun İnformasiya texnologiyaları və idarəetmə fakültəsinin IV kurs tələbəsi İmamrza Quluzadə II, BDU-nun SABAH qruplarının III kurs tələbəsi Aytən Məmmədova isə I yerə layiq görülüb. Qaliblər qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
Bağlanış mərasimində çıxış edən BDU-nun rektoru Elçin Babayev seminar iştirakçılarını və təlimçiləri uğurlu seminar münasibətilə təbrik edib, ICESCO-ya bu layihəni dəstəklədiyinə görə minnətdarlığını bildirib. Gənc mühəndislər üçün müasir standartlara cavab verən seminarda cihazqayırma və tərsinə mühəndisliyə dair əsas texniki bilikləri və mühəndislik üzrə praktik bacarıqları mənimsədiklərinə əminliyi ifadə edib. Bu seminarın tələbələrin texniki bacarıqlarını dərinləşdirmələrinə kömək etmək üçün hazırlandığını vurğulayaraq təlimçilərə təşəkkür edib.
Rektor E.Babayev seminarda AzTU, BMU və ADNSU tələbələrinin BDU tələbələri ilə birgə uğurlu komanda fəaliyyətinə diqqət çəkərək BDU-nun qapılarının digər ali təhsil müəssisələrinin tələbələrinin üzünə açıq olduğunu qeyd edərək, onları BDU-da yaradılan Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzində öz ideyalarını gerçəkləşdirməyə, mərkəzin dərnəklərində iştirak etməyə dəvət edib.
ICESCO-nun “Cihazqayırma və tərsinə mühəndisliyin əsasları” üzrə birinci seminarının Təşkilat Komitəsinə və əməyi keçən BDU əməkdaşlarına uğurlar arzulayıb.
Bağlanış mərasimi BDU-nun Mədəniyyət-Yaradıcılıq Mərkəzinin hazırladığı konsert proqramı ilə başa çatıb.
Qeyd edək ki, ICESCO-nun təşəbbüsü və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və ICESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaxından iştirakı ilə 4-7 oktyabr tarixlərində BDU-da keçirilən seminarın məqsədi cihazqayırmaya və tərsinə mühəndisliyə dair əsas ideyaları təqdim etmək, habelə müxtəlif növ sensorların istifadəsi, verilənlərin əldə edilməsi və emal edilməsi haqqında iştirakçıları məlumatlandırmaq idi. Seminar iştirakçları cihazların işlənməsinin əsas komponentləri ilə tanış olub, eyni zamanda sensorlardan gələn siqnalları əldə etmək və mikronəzarətçilər vasitəsilə idarə etməyi öyrəniblər. Təlimlərin sonunda iştirakçılar özləri temperatur tənzimləyiciləri, elektrik ölçmə sistemləri və s. sadə cihazıları işlətməyi təcrübə ediblər. Seminarda BDU, AzTU, BMU və ADNSU-nun tələbələri iştirak edib.

Tehsil-press.az



Oxşar xəbərlər