Bakı Ali Neft Məktəbinin 17 məzunu SOCAR-ın “Neftqaztikinti” trestində işə başlayıb

Bakı Ali Neft Məktəbinin 17 məzunu SOCAR-ın “Neftqaztikinti” trestində işə başlayıb Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Neftqaztikinti” trestinin rəisi Qağaməli Seyfullayev arasında görüş keçirilib.
Trestin ofisində keçirilən görüşdə yeni işə qəbul olunan BANM-in tələbə və məzunları, onlar üçün yaradılan şərait, əməkdaşlıq imkanları barədə müzakirə aparılıb. Bildirilib ki, bu il BANM-in 17 tələbə və məzunu “Neftqaztikinti” trestində müxtəlif vəzifələrdə məsul işə qəbul olunub.
Görüşdə trestin rəisi Qağaməli Seyfullayev məzunlara kifayət qədər məsuliyyətli vəzifələr həvalə olunduğunu qeyd edərək, gənc mühəndislərin bilik və təcrübələrini müəssisənin inkişafı üçün səfərbər edəcəklərinə inandığını bildirib. Vurğulayıb ki, bu kadrların hazırlığı Trestin rəhbərliyi və kollektivini tam qane edir.
BANM-in rektoru Elmar Qasımov “Neftqaztikinti” trestinin bu addımını ali məktəbə böyük etimad və etibarın bariz nümunəsi kimi dəyərləndirib. Rektor bildirib ki, BANM 10 il ərzində etimadı doğrultmağı bacarıb və reytinqini yüksəldərək ən nüfuzlu ali məktəblərdən biri olub: “Bizim tədris proqramımız beynəlxalq səviyyəli proqramdır. BANM-də yüksəkixtisaslı, ingilisdilli peşəkar kadrlar yetişir. Ötən 10 il ərzində ali məktəbimiz böyük nüfuz qazanıb. Bu nüfuz Bakı Ali Neft Məktəbinə qəbul olunan Prezident təqaüdçülərinin sayında da özünü göstərir. Əgər 10 il əvvəl BANM-ə qəbul olanlar arasında Prezident təqaüdünə layiq görülən tələbələrin sayı 12 nəfər idisə, bu il həmin göstərici 33 nəfərə yüksəlib. Bu isə Azərbaycan təhsil tarixində bir ilkdir. Ali məktəbimizin qazandığı etibarın, təlim-tədrisin yüksək səviyyədə həyata keçirilməsinin nəticəsidir ki, hətta bir ailənin bir neçə üzvü bizim tələbə və məzunumuzdur”.
Elmar Qasımov, həmçinin vurğulayıb ki, BANM hər zaman tələbə və məzunlarının yanındadır, onların işlə təmini, karyera inkişafı məsələlərini daim diqqətdə saxlayır. Rektor BANM tələbələrinin bu müəssisədə istehsalat təcrübəsi keçməsini təklif edib. Qağaməli Seyfullayev bu təklifi böyük məmnunluqla qarşılayıb.
Görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Tehsil-press.az


Oxşar xəbərlər