Azərbaycan ali təhsilində yenilik: Keyfiyyət təminatında beynəlxalq təcrübə mübadiləsi

Azərbaycan ali təhsilində yenilik: Keyfiyyət təminatında beynəlxalq təcrübə mübadiləsi Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Azərbaycan və Türkiyə ali təhsil müəssisələri arasında “Keyfiyyət təminatında təcrübə mübadiləsi” adlı beynəlxalq vebinara ev sahibliyi edib.
Hibrid formada keçirilən tədbirdə Türkiyənin Hacettepe, Boğaziçi, Ankara, İstanbul və Yıldız Texniki universitetləri ilə yanaşı, Azərbaycanın 22 ali təhsil müəssisəsinin keyfiyyət təminatı mərkəzlərinin rəhbərləri iştirak ediblər.
Tədbirin açılışında UNEC-in rəqəmsallaşma üzrə prorektoru dosent Raqif Qasımov tədbirin əhəmiyyətindən danışıb. Bildirib ki, məqsəd keyfiyyət təminatı istiqamətində beynəlxalq və yerli təcrübənin paylaşılmasıdır. UNEC-də keyfiyyət təminatı modelinin 2015-ci ildən tətbiq olunduğunu diqqətə çatdıran prorektor vebinarda paylaşılacaq təcrübənin ali təhsil müəssisələrində keyfiyyət təminatı modelinin qurulması və təkmilləşdirilməsi istiqamətində faydalı olacağını söyləyib.
Sonra Təhsildə Keyfiyyət Təminatı Agentliyinin şöbə müdiri Asiman İlyasov “Qanunvericilikdə ESG” mövzusunda təqdimatla çıxış edib. O, təhsil müəssisələrinin akkreditasiya qaydaları, bu istiqamətdə tətbiq olunan normativ-hüquqi aktlar – ali təhsil pilləsi üzrə dövlət standartları, dövlət təhsil strategiyası, təhsil proqramları barədə ətraflı məlumat verib, standartları təhlil edib.
Vebinara onlayn qatılan Hacettepe Universitetinin professoru Maviş Emel Kulak Kayıkcı “Ali təhsildə tələbə mərkəzli keyfiyyət təminat sistemi” mövzusunda danışıb. O, bu istiqamətdə Hacettepe Universitetinin təcrübəsini paylaşıb.
Yıldız Texniki Universitetinin keyfiyyət müdiri Recep Başak keyfiyyət təminatı sistemi çərçivəsində təmsil etdiyi universitetin nümunəsində “İnstitusional daxili qiymətləndirmə hesabatının hazırlanması prosesi” barədə geniş təqdimatla çıxış edib.
Vebinar Ankara Universitetinin akademik dəyərləndirmə, akkreditasiya və keyfiyyət koordinatoru professor Alı Sınağın “Türkiyədə ali təhsilin dəyişən strukturu və Ankara Universitetinin keyfiyyət təminatı modeli” mövzusunda çıxışı ilə davam edib. O, təqdimatında keyfiyyətin təminatı modelinin yaradılması, yaranan problemlər və onların aradan qaldırılması yollarını açıqlayıb.
Onlayn tədbirin ikinci hissəsində Boğaziçi Universitetindən Gözde Erhan Ünal “Ali təhsildə keyfiyyət təminatı və Boğaziçi Universiteti nümunəsi”ni iştirakçılarla paylaşıb.
Sonra UNEC-in Tədrisin keyfiyyətə nəzarət şöbəsinin müdiri dosent Sevda Sərdarova “UNEC-in keyfiyyət təminatı modeli” barədə məruzə edib. O, UNEC-in daxili keyfiyyət təminatı, universitetdə tətbiq olunan standartlar, tələbəyönümlü təlim-tədris, davamlı inkişaf barədə geniş məlumat verib.
Türkiyənin İstanbul Universitetindən professor Eray Yurtseven “Ali təhsildə keyfiyyət təminatı və İstanbul Universiteti nümunəsi” və təmsil etdiyi ali məktəbin bununla bağlı fəaliyyət planı barədə danışıb.
Vebinarda mövzu ilə bağlı suallar cavablandırılıb, müzakirələr aparılıb. Beynəlxalq vebinar UNEC-in rəsmi feysbuk səhifəsində canlı yayımlanıb.

Tehsil-press.az


Oxşar xəbərlər