Təhsil naziri: Müəllimlik ixtisasının formatının və mənasının dəyişməsi çox vacibdir

Təhsil naziri: Müəllimlik ixtisasının formatının və mənasının dəyişməsi çox vacibdir Azərbaycan Dövlət Pedaqoji Universitetinin ölkədə istər təhsil, istərsə də elmin inkişafında müstəsna rolu olub. Universitetin məzunları həm təhsil, həm də çalışdıqları digər sahələrdə ölkənin ümumi inkişafına, sosial-iqtisadi və mədəni tərəqqisinə kifayət qədər sanballı töhfələr veriblər.
Bunu təhsil naziri Emin Əmrullayev Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyi mərasimində jurnalistlərə müsahibəsində bildirib.
Nazir universitetin əldə etdiyi uğurlardan, habelə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində ADPU-nun ABŞ-ın Corc Vaşinqton Universiteti ilə uğurla davam edən ikili diplom proqramının əhəmiyyətindən danışıb. Həmçinin ADPU-ya tələbə qəbulunun, eləcə də universitetin məzunlarının müəllimlərin işə qəbulu imtahanlarının nəticələrinin yüksək olduğunu bildirib.
Emin Əmrullayev deyib: “Son illər istər müəllimlərin işə qəbulu müsabiqəsi, istərsə də müəllimlik ixtisasına qəbulda statistik rəqəmlər artıb. MİQ vasitəsilə işə qəbul olan müəllimlərin sayı 18 min nəfərdən, təxminən 55-56 min nəfərə çatıb, yəni bu rəqəm 3 dəfə artıb. Bu da daha artıq rəqabət qabiliyyətli və keyfiyyətli müəllim seçmək imkanı yaradıb. Müəllimlik ixtisasının formatının və mənasının dəyişməsi çox vacibdir. XXI əsr müəlliminə XX əsr müəllimində olan bacarıqlarla yanaşı, əlavə bacarıqlar da tələb olunur, artıq yeni bacarıq tələbləri də var”.
Nazir vurğulayıb ki, ali məktəbin məzunlarının bir qismi fəaliyyətini işğaldan azad edilmiş ərazilərdə davam etdirəcək. Bu, yeni nəslin hazırlanması baxımından vacib və ümidverici məqamdır.

Tehsil-press.az

Oxşar xəbərlər