UNEC-in rektoru universitetlərin idarə olunmasından yazıb

UNEC-in rektoru universitetlərin idarə olunmasından yazıb Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov universitetlərin idarə olunmasında, eləcə də elmi fəaliyyətin və tədrisin təşkilində mövcud olan sovet mirası və onun ləğvi ilə bağlı aparılan təhlillər, əldə olunan nəticələr barədə rəsmi feysbuk səhifəsində fikirlərini bölüşüb.
Rektor ali təhsil sisteminin bütövlükdə təkmilləşməsində əldə olunan uğurlarla yanaşı, mövcud problemlərin də olduğunu vurğulayıb: “Ölkəmizdə təhsilin, o cümlədən ali təhsilin inkişafı ümummilli lider Heydər Əliyev strategiyasının ən vacib tərkib hissəsidir. Prezident İlham Əliyevin uğurlu siyasəti, o cümlədən imzaladığı “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”, həmin Strategiyanın həyata keçirilməsi ilə bağlı fəaliyyət planı, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyin artırılması üzrə Dövlət Proqramı” və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın gündəlik diqqəti nəticəsində ölkəmizin ali təhsil sistemi təkmilləşmiş, beynəlxalq və Avropa təhsil məkanına inteqrasiyada, ali təhsilin beynəlmiləlşməsində uğurlar qazanılmış, Boloniya sisteminə qoşulmuş, özəl ali təhsil sistemi bərqərar olmuşdur. Bu istiqamətdə Təhsil Nazirliyinin müsbət rolunu da qeyd etmək yerinə düşərdi. Apardığımız təhlillər göstərir ki, ali təhsil sisteminin bütövlükdə təkmilləşməsində uğurlarla yanaşı, bu sistemin ən vacib elementi olan universitetlərdə (idarə olunmasında, elmi fəaliyyətin və tədrisin təşkilində) hələ də bir sıra sovet mirası ciddi problemlərdən biri olaraq qalmaqdadır”.
“Universitetləri sovet mirasından xilas etməklə onların inkişafına yeni impulslar vermək mümkündür”, - deyən rektor həmin mirasla bağlı təhlilin vacib sayılan nəticələri ilə bağlı fikirlərini də paylaşıb. “UNEC də daxil olmaqla, sovet mirasının ölkəmizdə sovetlər dönəmində yaradılmış və fəaliyyətini davam etdirən ən azından bütün dövlət universitetlərinə xas olduğunu vurğulamağı vacib hesab edirik. Yəni söhbət konkret olaraq hər hansı bir universitetdən getmir. Beləliklə, sovetlər dönəmində yaradılmış dövlət universitetlərinin idarəetmə mədəniyyəti dəyişməz olaraq qalmaqdadır. Belə ki, idarəetmə sistemi əsas məqsəd olaraq universitetlərin güclü tərəflərini müəyyən etməklə onları daha da inkişaf etdirmək əvəzinə mövcud olan zəif tərəflərin aradan qaldırılmasına köklənmişdir. Başqa sözlə, universitetlərin rəqabət üstünlüklərinin müəyyən edilməsi və həmin üstünlüklər hesabına irəliyə çıxmaq imkanları diqqətdən kənarda qalır”, - deyə Ə.Muradov bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər