Azərbaycan bu dəfə dünyaya Şuşadan doğacaq

Azərbaycan bu dəfə dünyaya Şuşadan doğacaq Şuşa şəhərindən danışarkən, ilk növbədə, bu şəhərin Azərbaycan xalqı üçün tarixi əhəmiyyətini qeyd etmək lazımdır. Şuşa Azərbaycanın tarixi şəhəridir, tarix boyu Azərbaycanın alınmaz qalası olub. Bu qalanın əsasını 1752-ci ildə Pənahəli xan qoyub və onu almaq, burada məskunlaşmaq heç bir işğalçı hökmdara nəsib olmayıb. Bu şəhərin Azərbaycan ruhu hər dəfə onu öz sahiblərinə qaytarıb.
Bu sətirlər Milli Məclisin deputatı Əziz Ələkbərlinin “Azərbaycan bu dəfə dünyaya Şuşadan doğacaq” sərlövhəli yazısında yer alıb.
Ə.Ələkbərli bildirib ki, Şuşa şəhərindən danışarkən, həm də bu şəhərin Azərbaycan mədəniyyəti, ədəbiyyətı, incəsənəti üçün əhəmiyyətini qeyd etmək lazımdır. Bu şəhərdə bizim çoxlu tarixi-mədəni abidələrimiz var, bu şəhər bizim ədəbiyyatımızın, incəsənətimizin beşiyi olub. Burada Molla Pənah Vaqif, Mir Möhsün Nəvvab, Xurşidbanu Natəvan kimi klassiklərimiz yazıb-yaradıblar. Buradan Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Əhməd bəy Ağaoğlu kimi yazıçılarımız, fikir sahiblərimiz çıxıb. Üzeyir Hacıbəyov, Xan Şuşinski, Seyid Şuşinski, Bülbül, Rəşid Behbudov kimi musiqi dahilərimiz yetişib.
Təsadüfi deyil ki, müharibədən sonra Qarabağın bərpası işləri məhz Şuşadan başladı. İlk işimiz Füzulidən Şuşaya uzanan Zəfər yolunun çəkilməsi oldu. Azərbaycan Prezidenti 2021-ci ilin 14 yanvarında Şuşaya səfərindən dərhal sonra isə şəhərin bərpasına start verildi. Qısa vaxtda çox böyük işlər həyata keçirildi. Şəhərdə infrastruktur quruldu, tarix və mədəniyyət abidələrinin bərpasına başlanıldı, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi yaradıldı. Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksi öz ilkin görkəminə qaytarıldı, Bülbülün ev-muzeyi bərpa edildi, Üzeyir Hacıbəylinin, Natəvanın, Bülbülün erməni vandalları tərəfindən güllələnmiş abidələri Şuşaya qaytarıldı, mayın 12-13-də Heydər Əliyev Fondunun dəstəyi ilə Cıdır düzündə “Xarıbülbül” musiqi festivalı keçirildi, avqustun 30-da yenə də Heydər Əliyev Fondunun dəstəyi ilə Vaqifin bərpa olunmuş məqbərəsi qarşısında Vaqif Poeziya Günləri keçirildi.
Bu gün Şuşa yüksək səviyyədə qonaq qəbul etməyə hazırdır, burada “Xarıbülbül”, “Qarabağ” mehmanxanalarının açılışı Şuşanın mədəni həyatında mühüm hadisə hesab oluna bilər.
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2022-ci ilin Azərbaycanda “Şuşa İli” elan olunması təsadüfi deyil, bu il Şuşa şəhərinin 270 illiyidir, Natəvanın anadan olmasının 190 illiyidir. Bu yubileylərdən istifadə edərək biz Şuşa həqiqətlərini dünya ictimaiyyətinə çatdırmalıyıq. Bu həqiqətlər Şuşa şəhərinin tarixi Azərbaycan şəhəri olduğunu bütün çılpaqlığı ilə ortaya qoyacaq. Bu, erməni yalanlarını, erməni saxtakarlığını ifşa yolunda irəliyə doğru atılmış mühüm addım olacaq. Biz ermənini döyüş meydanında məhv etmişik, siyasət, diplomatiya meydanında məhv etmişik, mənəvi cəhətdən sarsıtmışıq, amma bu prosesi tam başa çatdırmaq üçün onun yalanlarını sona qədər ifşa edib əsl simasını bütün dünyaya göstərməliyik.
Şuşa qalasının tarixən üç qapısı olub: Gəncə qapısı, Ağoğlan-Zəngəzur qapısı və İrəvan qapısı. Bu qapılar Azərbaycanın bütün tarixi torpaqlarına doğru uzanır. Bu, o deməkdir ki, Azərbaycanın tarixi torpaqlarının azadlığı da Şuşadan başlayacaq. Azərbaycan bu dəfə dünyaya Şuşadan doğacaq.

Tehsil-press.az


Oxşar xəbərlər