İqtisadiyyat İnstitutunda onlayn elmi seminar təşkil olunub

İqtisadiyyat İnstitutunda onlayn elmi seminar təşkil olunub Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat İnstitutunda növbəti onlayn elmi seminar keçirilib. İnstitutun baş direktoru iqtisad elmləri doktoru, professor Nazim Müzəffərlinin sədrliyi ilə keçirilən tədbirə institutun və bir sıra ali təhsil müəssisələrinin əməkdaşları qatılıblar.
Seminarda institutun Maliyyə, pul-kredit siyasəti şöbəsinin aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Sulduz Səlimov “Ekoloji Effektivlik İndeksi üzrə Azərbaycanın mövqeyinin yaxşılaşdırılması” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi Ekoloji Effektivlik İndeksi (EEİ), onun metodologiyası və bu sahədə aparılan tədqiqatlar barədə məlumat verib. Bildirib ki, EEİ təbii ehtiyatların idarə edilməsi və insan sağlamlığını ətraf mühit risklərindən qorumaq üçün bir sıra göstəriciləri əks etdirir. Siyasətçilər, biznes dairələri, sahibkarlar, vətəndaş cəmiyyəti institutları, araşdırmaçılar, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri ekologiya sahəsində siyasət və əsas meyillər haqqında məlumat almaq üçün ildə bir dəfə yayımlanan EEİ hesabatına istinad edirlər.
Tədqiqatçı qeyd edib ki, dünyada ekoloji problemlərin arxasındakı mürəkkəblik təhlükəli və böyük ola bilər. Davamlı inkişafa dair müzakirələr ekoloji problemlərin təbiəti ilə bağlı qeyri-müəyyənlik və düzgün təyin olunmamış həll yolları ilə əlaqələndirilə bilər. Bu səbəbdən ölkə xaricində və daxilində ətraf mühitin yaxılaşdırılmasına çalışanların ekoloji göstəriciləri ətraflı öyrənməsi son dərəcə vacibdir. Hesabatdakı sıralamalar ölkələr arasında sağlam rəqabəti inkişaf etdirmək üçün xüsusilə faydalıdır. Məruzəçi Ekoloji Effektivlik İndeksi üzrə Azərbaycanın mövqelərinin yaxşılaşdırılması ilə bağlı təkliflərini səsləndirib.
Sonda mövzu ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər