Rektor Nurlana Əliyeva: 1918-ci ilin mart soyqırımı miqyasına və amansızlığına görə xüsusi seçilir

Rektor Nurlana Əliyeva: 1918-ci ilin mart soyqırımı miqyasına və amansızlığına görə xüsusi seçilir Bakı Slavyan Universitetində (BSU) 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan onlayn elmi konfrans keçirilib. Əvvəlcə tədbirdə soyqırımı qurbanlarının, eləcə də Azərbaycanın ərazi bütövlüyü və dövlət müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransda universitetin rektoru, professor Nurlana Əliyeva açaraq ermənilərin 1918-ci ilin martında xalqımıza qarşı törətdikləri soyqırımı aktından söz açıb. Vurğulayıb ki, bu günlər Azərbaycanda və dünyanın bir çox xarici ölkələrində 31mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan müxtəlif tədbirlər keçirilir. Bu tədbirlərin keçirilməsində əsas məqsəd dünya ictimaiyyətinin diqqətini bir daha erməni vəhşiliyinə yönəltməkdir. Bugünkü elmi konfrans da məhz bu vacib məqsədə xidmət edir.
Rektor qeyd edib ki, ermənilərin xalqımıza qarşı həyata keçirdikləri deportasiya, soyqırımı və terror siyasəti 200 ildən çoxdur davam edir. 1918-ci ilin mart soyqırımı öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində ən qanlı faciələrdən biridir. Əllərinə düşən fürsətdən istifadə edən ermənilər uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan, süngüdən keçirib, diri-diri yandırıb, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıdıblar. Bakının böyük bir hissəsini xarabalığa çevirdilər. Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirilib. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilib, şəhər və kəndlər yandırılıb, milli mədəniyyət abidələri məhv edilib.
Ermənilərin azərbaycanlılara qarşı soyqırımları XX əsrin sonlarında bir daha təkrarlandı. 1992-ci ilin fevralında ermənilər Xocalı şəhərinin əhalisinə misli görünməyən divan tutdu. Bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə-yeksan edilməsi ilə nəticələndi.
Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan edildi. Ulu öndər Heydər Əliyevin həmin tarixi Fərmanında ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələləri diqqətə çatdırılır.
“Xalqımızın Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində Vətən müharibəsində qazandığı möhtəşəm Qələbə ermənilərin törətdikləri soyqırımlarına verilən ən layiqli cavabdır. Biz bu böyük tarixi Qələbəyə görə Prezident İlham Əliyevə minnətdarıq. Biz bir xalq, millət olaraq doğma Vətənimiz Azərbaycanın işıqlı, xoşbəxt gələcəyi naminə əzmlə, məsuliyyətlə, fədakarlıqla çalışmalı, bu müqəddəs amal uğrunda var gücümüzlə fəaliyyət göstərməliyik”,- deyə rektor bildirib.
Beynəlxalq münasibətlər kafedrasının müdiri, professor Habil Məmmədov ermənilərin öz havadarlarının köməyilə xalqımıza qarşı 1918-ci ilin martında törətdikləri soyqırımının baş verdiyi tarixi-siyasi şəraiti ətraflı təhlil edib və tələbə-gənclərin tariximizi dərindən öyrənmələrinin onların milli ruhda və əsl vətəndaş kimi formalaşmalarında mühüm rol oynadığını deyib.
Konfransda Beynəlxalq münasibətlər kafedrasının dosenti Şəhla Nuruzadənin “1918-ci il mart soyqırımı: tarixi araşdırma”, magistr Nəcəf Manafovun “Qanlı martın pərdə arxası”, Beynəlxalq münasibətlər kafedrasının dosenti Ləman Qarayevanın “Erməni terrorizmi”, Diplomatiya və xarici siyasət kafedrasının müəllimi Kəmalə Nəsirovanın “Beynəlxalq hüquqda soyqırımı aktı” mövzularda məruzələri dinlənilib. Məruzələrdə ermənilərin tarixboyu yürütdükləri terror siyasəti konkret elmi-tarixi faktlar əsasında, həmçinin beynəlxalq hüquqda soyqırımı aktının şərhi öz dolğun əksini tapıb.
Sonra məruzələrlə bağlı BSU-nun Elmi işlər üzrə prorektoru Rafiq Novruzov, Tərbiyə işləri üzrə prorektoru Xanım Sultanova, Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin dekanı Şirinbəy Əliyev, Elmi-tədqiqat layihələri laboratoriyasının Azərbaycanşünaslıq və slavistika bölməsinin müdiri Sadir Məmmədov və digərləri çıxış ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər