“Mühəndislik düşərgəsi”ndə tələbələr yükdaşımaların tarixi barədə məlumatlandırılıb

“Mühəndislik düşərgəsi”ndə tələbələr yükdaşımaların tarixi barədə məlumatlandırılıb Təhsil İnstitutunun Şəki rayonunda təşkil etdiyi “Mühəndislik düşərgəsi”nin üçüncü günündə fərqli sahədə çalışan mühəndislər və idarəçilər tələbələr üçün müxtəlif mövzularda təlimlər keçiriblər.
İnstitutun direktoru Rüfət Əzizov tələbələrlə görüşündə “İnnovasiya strategiyası” adlı təqdimatla çıxış edib. O, dəyişikliyin sürəti, məzmunu və əhəmiyyəti, eyni zamanda, idarəçinin yeni profili, idarəçilikdə dəyərlər və adaptasiya, dəyişikliyə qarşı immunitet, dəstəklənən dəyişiklik və s. mövzularını tələbələrlə müzakirə edib. Daha sonra R.Əzizov dizayn təfəkkürü, dizayn təfəkkürünün hissələri, xəritəsi, xülasəsi, prioritet xəritəsi kimi bir çox mövzular haqqında məlumat verib.
Düşərgənin növbəti qonaqları Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Təlim mərkəzinin direktoru Orxan Adıgözəlov və aparıcı mütəxəssisi Nicat Şabanlı “Yükdaşımaların tarixi və onların növləri” mövzusunda çıxış ediblər. Onlar gəmilərin funksiyaları və növləri, eləcə də Azərbaycanda olan gəmi və tankerlər haqqında məlumat veriblər.
“SABAH.lab” Akselerasiya Mərkəzinin əməkdaşı Orxan Abbasov isə “Startapa necə başlamalı?” adlı təqdimat edib və tələbələrin ideyalarını, innovasiya potensiallarını dəyərləndirib.
Sonra tələbələrə istifadəçi səyahəti və kreativliyi nümayiş etdirmək mövzusunda tapşırıq verilib. Tələbələr komandalara bölünərək verilən tapşırığı yerinə yetirib və hazırladıqları məhsulun təqdimatını ediblər. Düşərgə iştirakçıları, həmçinin Şəki Olimpiya İdman Kompleksində olublar. Düşərgə daxilində müxtəlif komanda oyunları, yarışlar və müsabiqələr keçirilib.
Xatırladaq ki, martın 24-dən etibarən müxtəlif universitetlərdən 35 tələbənin iştirakı ilə Şəki rayonunda “Mühəndislik düşərgəsi”nə start verilib.

Tehsil-press.az

Oxşar xəbərlər