Tələbələrin qış düşərgəsi başa çatıb

Tələbələrin qış düşərgəsi başa çatıb Tələbələrin qış düşərgəsinin sonuncu gününün ilk qonağı Azərbaycan Fransız Universitetinin və Xəzər Universitetinin müəllimi Cavanşir Əzizov diferensial hesablamanın əsas teoremləri, törəmənin həndəsi mənası, diferensialın tətbiqlərini əhatə edən “Törəmə” mövzusunu tələbələrlə müzakirə edib.
Düşərgənin digər qonağı Azad Namazovun riyaziyyatın sənayedəki rolundan bəhs edən “Riyaziyyat və sənaye” mövzusu tələbələr tərəfindən maraqla qarşılanıb. O, riyaziyyatın həyatla və quruculuqla əlaqəsindən, sənayedəki rolundan danışıb.
Eyni zamanda, 9 günlük düşərgə müddətində Bakı Dövlət Universitetinin dosenti Miqdad İsmayılov tələbələrə riyaziyyat fənninin müxtəlif mövzularını tədris edib.
Tələbələrin riyazi biliklərinin artırılmasında müstəsna rol oynamış Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin baş müəllimi Rəşad Tağıyev diferensial tənliklərdə ümumi anlayışlar, ədədi inteqrallanma, Nyuton kotes düsturları, birdəyişənli, qeyri-xətti tənliklərin təqribi üsulla köklərinin tapılması kimi bir sıra mövzuları izah edib.
Düşərgənin bağlanışı ilə əlaqədar keçirilmiş tədbirdə çıxış edən Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsinin müdiri Tural Alışov tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Daha sonra düşərgənin iştirakçıları sertifikatlarla təltif ediliblər.
Qış düşərgəsində öyrədici, inkişafetdirici, əyləncəli və tələbələrin asudə vaxtlarının səmərəli şəkildə keçirildiyi mühit formalaşıb. Düşərgə tələbələrin yaddaşında silinməz iz buraxıb. Onlar burada yeni dostlar qazanıb və digər universitetlərdə təhsil alan tələbələrlə informasiya mübadiləsi aparmağa müvəffəq olublar.
Qeyd edək ki, qış düşərgəsi fevralın 5-dən 13-dək Quba rayonunda təşkil olunub.

Tehsil-press.az


Oxşar xəbərlər