BDU-da “Xarıbülbül” debat turniri

BDU-da “Xarıbülbül” debat turniri Bakı Dövlət Universitetinin (BDU) Debat klubunun yaranmasının 10 illiyi münasibətilə Vətən müharibəsi şəhidi, BDU-nun Tarix fakültəsinin məzunu, keçmiş debatçı Elşən Salayevin əziz xatirəsinə həsr olunmuş “Xarıbülbül” debat turniri keçirilib.
BDU Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və Debat klubunun təşkilatçılığı ilə keçirilən turnirin açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şəhidlərin əziz xatirəsi anılıb.
Tədbirin moderatoru Jalə Şükürlü BDU Debat klubunun tarixi, uğurları barədə məlumat verib.
Debat klubunun sədri Nadir Rzalı şəhid məzun Elşən Salayevin həyatı, döyüş yolu haqqında məlumat verib. O, Elşən Salayevin əziz xatirəsinin həmişə ürəklərdə yaşayacağını bildirib.
BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov universitetin şəhid tələbə və məzunlarının igidliyindən, şücaətindən bəhs edib.
Eyni zamanda, Debat klubunun uğurlu fəaliyyəti diqqətə çatdırılıb.
BDU THİK-in sədri Hacıbaba Mustafayev debat oyunlarının əhəmiyyəti, gənclərin inkişafındakı rolu barədə fikirlərini bölüşüb. O qeyd edib ki, THİK bundan sonra da Debat klubunun fəaliyyətinə dəstəyini göstərəcək.
“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin sədri Ülviyyə Axundova BDU Debat klubunun uğurları, debat sferasındakı özünəməxsus yeri barədə söhbət açıb.
Sonra Debat klubunun 10 illiyinə həsr olunan videoçarx nümayiş olunub. “Xarıbülbül” debat turnirinin Hakimlər komitəsinin sədri Qabil İsazadə turnirin strukturu barədə məlumat verib, qrup mərhələlərində yarışacaq komandaları açıqlayıb.
Turnirdəki komandaların əksəriyyəti məzunlardan təşkil olunub. Səkkiz müxtəlif universitetin məzunları turnirdə iştirak edib. Azərbaycan və rus bölmələri üzrə ümumilikdə 20 komanda yarışıb. Qrup mərhələlərindən sonra Azərbaycan və rus bölmələri üzrə 16 komanda kubok uğrunda mübarizə aparıb. Belə ki, bu dəfə turnirin sistemində fərqlilik olub. Uduzan komandalar turniri tərk etməyib, alt qrupa keçərək “On ilin finalı”na çıxmaq uğrunda mübarizə aparıblar.
Azərbaycan bölməsi üzrə “Qeyd-şərtsiz”, Rus bölməsi üzrə “Press F” komandaları “Xarıbülbül” turnirinin qalibi olublar. Hər iki bölmə üzrə ən yaxşı natiqlər sertifikat və medallarla təltif ediliblər. “On ilin ən yaxşı…” nominasiyaları isə Debat klubunun fəaliyyətində əziyyəti olan məzun debatçılara təqdim olunub.
“On ilin finalı”nda Azərbaycan bölməsi üzrə “KaNNkret” və “Qeyd-şərtsiz” komandaları, rus bölməsi üzrə isə “Triada new” və “Press F” komandaları çıxış ediblər. Beləliklə, Azərbaycan bölməsi üzrə “KaNNkret”, rus bölməsi üzrə isə “Triada new” komandası “On ilin qalibi” olub.

Tehsil-press.az


Oxşar xəbərlər