SABAH İncəsənət Festivalında AzMİU tələbələrinin diplom buraxılış işləri maraq doğurub

SABAH İncəsənət Festivalında AzMİU tələbələrinin diplom buraxılış işləri maraq doğurub Gəncədə mayın 19-dan 21-dək keçirilən SABAH İncəsənət Festivalında Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU), həmçinin Bakı Musiqi Akademiyasının (BMA) tələbələri tərəfindən hazırlanan işlər sərgilənib.
Tədbirlə bağlı təəssüratlarını bölüşən Azərbaycan Memarlıq və İnşaat Universitetinin SABAH qrup müəllimi, baş müəllim memar Tərlan Əliyev deyib: Festivalda universitetimizi mənimlə yanaşı, AzMİU SABAH mərkəzinin rəhbəri Pərvin Quliyeva, SABAH qrupu tyutoru Rəna Cəbrayılova, SABAH şəhərsalma qrupu magistrı Fərid Əkbərov, SABAH memarlıq ixtisası üzrə tələbələri, SABAH inşaat ixtisası üzrə tələbələr Kamil Abdullayev və Rəvan Ayazoğlu təmsil edirdilər.
Gəncə Dövlət Filarmoniyasının qarşısında SABAH İncəsənət Festivalının açılışından sonra BMA SABAH tələbələrinin instrumental musiqi konserti, ikinci gün isə incəsənətin müxtəlif sahələri üzrə təqdimatlar oldu. Sonra Gəncə Dram Teatrda ADMİU SABAH tələbələri tərəfindən tamaşa göstərildi. İki gün ərzində tamaşaçılar incəsənətin müxtəlif sahələri üzrə bir-birindən maraqlı proqramlar izlədilər.
Ümumilikdə Gəncədə keçirilən festivalda vokal-instrumental əsərlərdən ibarət konsert, pantomima, şeir və rəqs nömrələri; dekorativ tətbiqi sənət və dizayn nümunələri, bədii keramika, bədii xalça, bədii toxuculuq, bədii metal, rəngkarlıq üzrə ustad dərslər, memarlıq nümunələri (albom və planşetlərdə), avatarlar, emblem və loqolar, maketlər, elektron təqdimatlar nümayiş etdirildi.
Tələbələrimiz festivala gələnlərə öz layihələri haqqında ətraflı məlumat verdilər, onların suallarını cavablandırdılar. Festivalın üstün cəhətlərindən biri də odur ki, festivala gələnlər ustad dərslərdə iştirak etdilər.
T.Əliyev bildirib ki, festivalda ən böyük maraq doğuran isə məzun tələbələrimizin diplom buraxılış işləri oldu. Çünki bu işlərin əksəriyyəti Qarabağda nəzərdə tutulmuşdu. Aydan Əliyevanın Ağdam şəhərində aerovağzal kompleksi layihəsi, Nuran Ramazanovanın Zəngilan rayonu Mincivan qəsəbəsində dəmiryol vağzalı layihəsi, Lamiyə İskəndərovanın Şuşa şəhərində musiqi kompleksi layihəsi, Fidan Rzayevanın Kəlbəcər rayonunda istirahət kompleksi layihəsi, Şanay Məmmədovanın Zəngilan şəhərində Media Mərkəzinin layihəsi, Xalıqverdi Mustafayevin Zəngilan şəhərində İslam Mədəni-maarif Mərkəzinin layihəsi, Gülşən Kazımzadənin Xankəndi şəhəri, Kərkicahan qəsəbəsi Musiqi Akademiyası Şəhərciyi layihəsi, Tural Ziyadlının Cəbrayıl rayonu, Cocuk Mərcanlı kəndində soyqırımı muzeyinin layihəsi, Fərid Əkbərovun Şuşa şəhərində turist kompleksi - “Xarıbülbül” layihəsi, Nigar İmanovanın Xocalı rayonunda “Qarabağ Azərbaycandır” muzeyinin layihəsi və s. təqdim olundu.
“Ən maraqlısı da ondan ibarətdir ki, tələbələrimiz bu mövzulara müraciət edəndə, bu layihələri işləyəndə torpaqlarımız işğal altında idi. İndi isə torpaqlarımız işğaldan azad olunub. Bu da bizim Qələbəyə, torpaqlarımızın azad olunacağına inamın təzahürüdür.
Festivalların keçirilməsi çox vacib, önəmli məsələdir. Çünki festivala gələnlər incəsənət aləminə səyahət etmiş olurlar. Nəinki festivala gələnlər, hətta festival iştirakçıları özləri də incəsənətin müxtəlif sahələri ilə tanışlıq və ustad dərslərdə iştirak imkanı əldə edirlər. Festivallar yeniyetmə və gənclərin sənət seçimi etmələrinə də vəsilə olur. Gəncədə keçirilən SABAH İncəsənət Festivalında mən bir daha bunun şahidi oldum. Asudə vaxtlarımızda biz şəhərlə tanış olduq. Bakıya geri dönəndə Xan bağı və Nizami Gəncəvinin məqbərəsini ziyarət etdik.
Fürsətdən istifadə edərək SABAH İncəsənət Festivalının təşkilində, bu festivalda iştiraka şərait yaradılmasında zəhməti olan hər bir kəsə öz adımdan, tələbələrim adından minnətdarlığımı bildirirəm”, - deyə T.Əliyev fikrini yekunlaşdırıb.

Tehsil-press.az


Oxşar xəbərlər