AMEA-nın professoru AzTV-ni MÜDAFİƏ ETDİ – “Ancaq yaltaqlıqla məşğuldurlar”

AMEA-nın professoru AzTV-ni MÜDAFİƏ ETDİ – “Ancaq yaltaqlıqla məşğuldurlar” AzTV Azərbaycan Milli Elmlər Akademiyasının fəaliyyəti barədə süjet hazırlayıb. Süjetdə AMEA-nın fəaliyyəti sərt şəkildə tənqin edilib. Bildirilib ki, AMEA-da işçilərin yaşından başqa heç nə dəyişməyib.
AzTV-nin müzakirələrə səbəb olan süjeti barədə danışan AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İdris Abbasov tənqidlərin haqlı olduğunu bildirib:
“Alimlər akademiyada 3-4 vəzifə tuturlar, övladlarından tutmuş nəticələrinə kimi hamısını vəzifələrə yerləşdirirlər. Mən həmişə demişəm ki, akademiyada işdən söhbət gedə bilməz. Mən AzTV-nin müxbirinə deyərdim ki, gedək AMEA-nın kitabxanasına da baş çəkək. Orada müdafiə olunan dissertasiya işlərini vərəqləyək və əsl dəhşəti görək.
Azərbaycan dövlətinə ən böyük zərbə AMEA tərəfindən vurulur. Akademiklərin ictimai fəallığını görə bilmirik, ancaq yaltaqlıq və məttahlıqla məşğuldurlar. Bununla ölkə inkişaf edə bilməz. AMEA-ya ayrılan büdcəni araşdırmaq, milyonları kimin mənimsədiyini üzə çıxarmaq lazımdır. Cəzadan kənar qaldıqları isə başqa dərddir”.
İ.Abbasovun sözlərinə görə, alimlər akademiyada seyirci rolu oynayırlar, çünki başqa fəaliyyətləri yoxdur:
“Kənara çəkilib ancaq pul yığırlar. Ölkə üçün taleyüklü bir məsələyə münasibət bildirən yoxdur. 1000-2000 manatla bahalı mülklərə sahiblənmək mümkün deyil. Kabinetlərində oturub çay içirlər, toxunulmazlıq qazanırlar. AzTV-nin sujetini yüngül təftiş adlandırıram. Bu, hələ başlanğıcdır. Dərindən təmizlənmə aparılmalıdı, hər kəs olub-bitənə cavab verməlidir. Ancaq sədaqətdən danışırlar ki, filan qədər işləmişəm bu dövlət üçün. Afrikadan bir nəfər tutub gətirib, akademiklərin dövlətdən oğurladığının 5%-ni ona versək daha sədaqətlə xidmət edər.
Akademiklər dövlətə xidmətlə məşğul deyillər, ayağımızdan tutub çəkirlər. AMEA-nın ləğv olunmasının akademiklər üçün əhəmiyyət yoxdur. Çünki azuqələrini əvvəldən yığıblar. Səlim Müslümov, Hacıbala Abutalov kimi məmurlar həm də professor olub, akademiya sistemindən gediblər".

Tehsil-press.az

Oxşar xəbərlər