Azərbaycan İlahiyyat İnstitutu: İslamşünaslıq ixtisasına qəbul olmaq istəyənlər üçün müsahibə mərhələsi davam edir

Azərbaycan İlahiyyat İnstitutu: İslamşünaslıq ixtisasına qəbul olmaq istəyənlər üçün müsahibə mərhələsi davam edir Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) III ixtisas qrupu üzrə bakalavr pilləsində islamşünaslıq ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün müsahibə mərhələsi davam edir.
Dövlət İmtahan Mərkəzinin (DİM) saytında müsahibə mərhələsində iştirak etmək üçün qeydiyyat iyulun 21-dən 24-dək aparılıb.
Abituriyentlərin dünyagörüşü səviyyələrinin və islamşünaslıq ixtisasına maraqlarının müəyyənləşdirilməsi məqsədilə DİM tərəfindən Dini Psixoloji Komissiya (DPK) yaradılıb. Komissiyanın tərkibinə ilahiyyat sahəsi üzrə mütəxəssislər, ekspertlər, psixoloqlar, həmçinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Azərbaycan İlahiyyat İnstitutunun və DİM-in əməkdaşları daxil ediliblər.
Müsahibə zamanı abituriyentlərin ümumi dini bilikləri, islamşünaslıq ixtisasına uyğunluqları, gələcəkdə din xadimi kimi fəaliyyət göstərməyə münasibətləri, insanlarla ünsiyyət bacarıqları, xitabət və natiqlik qabiliyyətləri qiymətləndirilir, psixoloji vəziyyətləri, yaradıcı təfəkkür imkanları yoxlanılır. Müsahibədən məqbul qiymət almış abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı, Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq ixtisasını da seçə biləcəklər.
DPK ölkədə koronavirus (COVID-19) pandemiyasının daha geniş yayılmasının qarşısını almaq məqsədilə TƏBİB-in tövsiyələrinə uyğun olaraq fəaliyyət göstərir. Komissiya Bakı şəhəri Məhəmməd Naxçıvani 29 ünvanında – Azərbaycan İlahiyyat İnstitutunun inzibati binasında təşkil olunur.
Azərbaycan İlahiyyat İnstitutunda təhsil ödənişsizdir. Ali təhsil müəssisəsi Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılması, inkişafı və dini fəaliyyət sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasının təmin edilməsi məqsədilə müasir təhsil standartları və müvafiq sahədə dünya təcrübəsi əsasında fəaliyyət göstərir. İnstitutda müasir sosial elmlərin metodları əsasında islamla yanaşı, digər dünya dinlərinin inanc, ibadət, əxlaq sistemi və ictimai strukturları, fəlsəfə, sosiologiya, psixologiya, multikulturalizm və digər sosial və humanitar elmlər də tədris olunur.

Tehsil-press.az



Oxşar xəbərlər