Akademik Bəkir Nəbiyev Azərbaycan ədəbiyyatşünaslığında elmi məktəb yaradıb

Akademik Bəkir Nəbiyev Azərbaycan ədəbiyyatşünaslığında elmi məktəb yaradıb Əməkdar elm xadimi, akademik Bəkir Nəbiyev həm klassik, həm də müasir ədəbiyyat haqqında fundamental əsərləri, zəngin yaradıcılığı ilə Azərbaycan ədəbiyyatşünaslığına böyük töhfələr verib. Ədəbiyyatşünaslıq elminin və ədəbi fikrin inkişafında onun xidmətləri əvəzolunmazdır.
Ədəbiyyatşünas alim Bəkir Nəbiyevin doğum günündə onun həyat və fəaliyyətinin bəzi məqamlarına nəzər salaq.
Bəkir Nəbiyev 1930-cu il avqustun 21-də Ağdaş rayonunun Üçqovaq kəndində ziyalı ailəsində dünyaya göz açıb. O, Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) Məmməd Arif, Əli Sultanlı, Mir Cəlal, Cəfər Xəndan, Məmməd Cəfər, Həmid Araslı, Abbas Zamanov, Feyzulla Qasımzadə kimi böyük ustadlardan dərs alıb. Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirəndə artıq beş ildən çox müəllimlik təcrübəsi olan gənc filoloqun görkəmli ədəbiyyatşünas kimi formalaşmasına mətbuat-publisistika sahəsindəki fəaliyyəti mühüm təsir göstərib. Universitetin aspiranturasına qəbul olan Bəkir Nəbiyev 1960-cı ildə “Firidun bəy Köçərlinin həyat və yaradıcılığı” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. Ədəbi fəaliyyətə “Ədəbiyyat qəzeti”nin 1951-ci il 4 noyabr tarixli nömrəsində dərc edilən “Dama-dama göl olar” rəyi ilə başlayıb. O dövrün “Azərbaycan gəncləri”, “Kommunist” və digər nüfuzlu qəzetlərində ədəbi işçidən şöbə müdirinə qədər yüksələn, Yazıçılar, Jurnalistlər birliklərinə üzv qəbul edilən Bəkir Nəbiyev 60-cı illərin əvvəlində elm aləminə bir neçə sahənin mütəxəssisi kimi gəlmişdi: müəllim, jurnalist, tənqidçi, tədqiqatçı-ədəbiyyatşünas, redaktor, tərcüməçi və s.
Ədəbiyyat elmini özünə həyat kredosu seçən, bir gün belə onsuz yaşamayan, ədəbiyyatımıza, onu yaradanlara alimin dərin məhəbbəti, bitib-tükənməyən enerjisi və buna təkan verən sahilsiz ümmana bənzər arzuları cild-cild kitabların, saysız-hesabsız elmi məqalələrin meydana gəlməsinə münbit şərait yaradıb. Akademik Bəkir Nəbiyev Azərbaycan ədəbiyyatşünaslığında elmi məktəb yaradıb.
Ədəbi prosesə, klassik ədəbi irsə, ədəbi tənqidə, ədəbi əlaqələrə, poeziyada sənətkarlıq məsələlərinin tədqiqinə 50-dən çox kitab, 900-dən çox məqalə və resenziya həsr edən alim nəinki Azərbaycanda, keçmiş Sovet İttifaqında, eləcə də Türkiyə, İran və İraqda görkəmli ədəbiyyatşünas kimi tanınıb. Bir çox doktorluq dissertasiyaları üzrə elmi məsləhətçi, namizədlik dissertasiyaları üzrə elmi rəhbər olub. Ümumiyyətlə, alimin ədəbiyyatşünaslıq sahəsində yüksəkixtisaslı kadrlar hazırlanmasında xidmətləri böyükdür.
Akademik Bəkir Nəbiyev XX əsrin ortalarından etibarən ədəbi prosesin və ədəbi-nəzəri fikrin daim diqqət mərkəzində olub, ədəbiyyatın əbədiliyinə böyük inamla bədii irsin tədqiqi ilə məşğul olub. İlk peşəkar tənqidçimiz Firidun bəy Köçərli haqqında 1963-cü ildə çap olunmuş sanballı monoqrafiyası ilə Bəkir Nəbiyev alim kimi ədəbi-nəzəri fikir tariximizə daxil ola bilib.
Elmi-ictimai fəaliyyətinin birinci mərhələsini hər bir görkəmli elm adamı üçün fəxr sayıla biləcək məhsuldarlıqla, intensiv və çoxşaxəli axtarışlarla başa vuran Bəkir Nəbiyev ikinci mərhələyə Azərbaycan Milli Elmlər Akademiyasından başlayıb. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna kiçik elmi işçi qəbul edilən gənc tədqiqatçı çox keçmədən şöbə müdiri vəzifəsinə qədər yüksəlib. 1970-ci ildə doktorluq dissertasiyasını uğurla müdafiə etdikdən sonra Bəkir Nəbiyevə daha məsul vəzifə - Ədəbiyyat Muzeyinin direktorluğu tapşırılıb. Bu vəzifədə 15 ildən çox çalışan Bəkir Nəbiyev muzeyin daha da zənginləşməsində, dövrün tələbləri əsasında yenidən qurulmasında, beynəlxalq aləmdə tanıdılmasında böyük rol oynamaqla yanaşı, elmi-tədqiqat fəaliyyətini də yüksək templə davam etdirib. Yaradıcılıq yolunun ikinci mərhələsində alimin Azərbaycan ədəbiyyatının, mədəniyyətinin müxtəlif məsələlərinə dair 10-dan çox kitabı, 300-dək məqaləsi çap olunub. Bu məhsuldar yaradıcılığın zirvəsi isə doktorluq dissertasiyası kimi müdafiə etdiyi “Böyük Vətən müharibəsi və Azərbaycan ədəbiyyatı” fundamental əsəri olur.
Mərhum akademikin “Görkəmli tənqidçi və ədəbiyyatşünas” (1963), “Süngüyə çevrilmiş qələm” (1970), “Ədəbi düşüncələr” (1971), “Tənqid və ədəbi proses” (1976), “Böyük Vətən müharibəsi və Azərbaycan ədəbiyyatı” (1977), “Kamalın təntənəsi” (1981), “Söz ürəkdən gələndə” (1984), “Roman və müasir qəhrəman” (1987), “Özümüzdən başlayaq” (1990), “Didərgin şair” (1995), “Çətin yollarda” (2000), “İstiqlal şairi” (2001), “Xəzan vurmasın” (2006), “Hərənin öz yolu var” (2007) və s. kitabları tənqid və nəzəri fikir tariximizin yarıməsrlik (1960-2010) dövrünü mərhələli surətdə əks etdirir. Bu əsərlər heç vaxt köhnəlməyən müasir təfəkkürlə, yüksək tarixilik duyğusu, məntiq və mühakimə ilə yazılıb.
Görkəmli akademik Azərbaycan filologiyasında mükəmməl “Bəkir Nəbiyev məktəbi”nin əsasını qoyub. Nizami Cəfərov, Teymur Kərimli, Məhərrəm Qasımlı, Kamran Əliyev, Şirindil Alışanlı, Muxtar İmanov, Tehran Əlişanoğlu onun yetirmələridir. Bu məktəbin nümayəndələri görkəmli Azərbaycan tənqidçisi və ədəbiyyatşünaslarıdır.
Mərhum alim AMEA Rəyasət Heyətinin üzvü olub, uzun illər Azərbaycan Elmlər Akademiyasının Ədəbiyyat, Dil və İncəsənət Bölməsinin akademik-katibi (1987-2001), Azərbaycan Elmlər Akademiyası “Xəbərləri” jurnalının (Ədəbiyyat, dil və incəsənət seriyası üzrə) baş redaktoru və on ilə yaxın AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun direktoru kimi məsul vəzifələrdə çalışıb. Bundan əlavə, Azərbaycan Mədəniyyət Fondunun sədri (1987-1990), ədəbiyyat üzrə ixtisaslaşdırılmış müdafiə şurasının sədri (1993-cü ildən), “Ədəbiyyat və incəsənət” qəzeti redaksiya heyətinin, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” studiyasının bədii şurasının, Azərbaycan Yazıçılar İttifaqının, “Vətən” cəmiyyəti idarə heyətinin, respublika “Bilik” cəmiyyəti plenumunun üzvü, Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasının məsləhətçisi, Sovet-Pakistan Dostluq Cəmiyyəti Azərbaycan şöbəsinin sədr müavini kimi fəaliyyət göstərib. Çexiya, Slovakiya, Yunanıstan, Danimarka, İran, İraq, Səudiyyə Ərəbistanı, ABŞ, Çin və Yaponiyada beynəlxalq ədəbi-elmi və siyasi məclislərdə məruzə ilə çıxış edib.
Bəkir Nəbiyevin zəngin fəaliyyəti Azərbaycan dövləti tərəfindən hər zaman yüksək qiymətləndirilib. O, “Şöhrət” və “İstiqlal” ordenlərinə layiq görülüb, Azərbaycan Respublikasının Dövlət Mükafatı ilə təltif edilib.
Akademik Bəkir Nəbiyev 2012-ci il martın 15-də Bakıda vəfat edib.

Tehsil-press.az

Oxşar xəbərlər