Azərbaycan və Türkmənistanın ədəbi-mədəni əlaqələri müstəqillik illərində daha da inkişaf edib

Azərbaycan və Türkmənistanın ədəbi-mədəni əlaqələri müstəqillik illərində daha da inkişaf edib Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Türkmənistanın daimi bitərəflik statusu qazanmasının 25 illiyinə həsr olunmuş “Bitərəf Türkmənistan - UNESCO: tarixi-mədəni beynəlxalq əlaqələr” adlı beynəlxalq onlayn konfransda çıxış edib.
Akademik İsa Həbibbəyli çıxışında xalqlarımız arasında çoxcəhətli əlaqələrin təməlinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayıb. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkmənistan Respublikasının Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasındakı qarşılıqlı hörmət və etimad çoxcəhətli əlaqələrimizin yüksək templə inkişafında mühüm rol oynayır. İki ölkənin mədəni əlaqələrinə ən gözəl nümunə kimi 2009-cu ildə Türkmənistanda Azərbaycan mədəniyyəti günlərinin, 2010-cu ildə isə Azərbaycanda Türkmənistan mədəniyyəti günlərinin keçirilməsini göstərmək olar. Mütəfəkkir türkmən şairi Məhtimqulu Fəraqinin anadan olmasının 290 illik yubileyi 2014-cü ildə həm Azərbaycanda, həm də Türkmənistanda yüksək səviyyədə keçirilib. Həmin tədbirlərdə Azərbaycan alimlərinin sanballı elmi məruzələrlə çıxışı Azərbaycan-Türkmənistan ədəbi əlaqələri sahəsində ən yaddaqalan hadisə olub.
Elmi-ədəbi əlaqələrin tarixçəsinə toxunan akademik bildirib ki, Türkmənistan Prezidentinin 2019-cu ildə Azərbaycan Respublikasına səfəri zamanı Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə Türkmənistan Elmlər Akademiyası Məhtimqulu adına Dil, Ədəbiyyat və Milli Əlyazmalar İnstitutu arasında əməkdaşlıq müqaviləsinin imzalanması elm sahəsində inkişafımızın mühüm nailiyyəti sayıla bilər.
Akademik qeyd edib ki, “Görkəmli türkmən şairi Məhtimqulu Fəraqinin yaradıcılığı Azərbaycan ədəbiyyatşünaslığında (məqalələr toplusu)”, “Azərbaycanda Məhtimqulu Fəraqinin ədəbi irsinin nəşri və tədqiqi. Biblioqrafiya”, “Məhtimqulu Fəraqi şeirinin poetikası”, “Məhtimqulu Fəraqi və Azərbaycan” monoqrafiyalarının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən nəşr edilməsi Azərbaycan-Türkmənistan ədəbi-mədəni əlaqələrinin müstəqillik illərində daha da inkişaf etdiyini göstərir.

Tehsil-press.az

Oxşar xəbərlər