Nensi Pelosinin qəflətən Ermənistanda peyda olması spikerin şəxsi və korporativ maraqlarından irəli gəlir - Vüqar Rəhimzadə

Nensi Pelosinin qəflətən Ermənistanda peyda olması spikerin şəxsi və korporativ maraqlarından irəli gəlir - Vüqar Rəhimzadə ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Ermənistana səfərinin əhəmiyyətini ermənilər və onların Azərbaycandakı uzantıları, daha dəqiq desək, dağıdıcı müxalifət düşərgəsinin təmsilçiləri cidd-cəhdlə böyütməyə çalışsalar da, soyuqqanlı təhlillər onu göstərir ki, bu hadisənin regionda gedən proseslərə heç bir dəxli və təsiri yoxdur. Nensi Pelosinin ziddiyyətli siyasi karyerasına, qeyri-adekvat və qızışdırıcı bəyanatlarına bələd olan Azərbaycan cəmiyyəti, hətta dünya ictimaiyyəti də bu səfərə ciddi yanaşmaq üçün heç bir əsas görmürlər. Bu baxımdan Nensi Pelosinin ötən ay Tayvana səfəri zamanı baş verən prosesləri də xatırladan siyasətçilər və ekspertlər onun Ermənistana “təşrif buyurmasını” qeyri-ciddi hadisə kimi dəyərləndirirlər.
Bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadə söyləyib.
Vüqar Rəhimzadə bildirib ki, Nensi Pelosinin Ermənistana səfərinə ABŞ-ın özündə belə dövlət səviyyəsində dəstək verilməyib: “Sirr deyil ki, ABŞ hökuməti Nensi Pelosinin Ermənistana səfərini maliyyələşdirməkdən imtina etmişdi. Göründüyü kimi xanım spikerin səfərinə əhəmiyyətsiz yanaşmaq ABŞ tarixində ilk faktdır. İkinci fakt isə ondan ibarətdir ki, Nensi Pelosinin Ermənistana səfərini ABŞ-dakı erməni lobbi təşkilatı olan ANCA və çirkli pulların yuyulması sahəsində ad çıxarmış rusiyalı biznesmen Ruben Vardanyan təşkil ediblər.Təxmini hesablamalara görə, bu səfər üçün 120 milyon dollar vəsait xərclənib. Bu da şübhəsiz ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfərində korrupsiya amilinin mühüm rolu olduğunu bir daha isbatlayır.
O ki qaldı bu səfərin mahiyyətinə, birbaşa deyilməlidir ki, Nensi Pelosinin qəflətən Ermənistanda peyda olması çağdaş dünyamızda qalmaqallı siyasətçi kimi tanınan xanım spikerin şəxsi və korporativ maraqlarından irəli gəlir. Ona görə ki, birincisi, bu səfərlə Nensi Pelosi bundan sonra karyerasını “humanitar” platformada qurmaq niyyətini nümayiş etdirir. İkincisi, xanım spikerin erməni lobbisinin cinayət pulları ilə hazırda ABŞ-da iqtidarda olan Demokratlar Partiyasına ianə qəbul etdirir. Yəni, görünən odur ki, Nensi Pelosi əslində guya “Azərbaycanın təcavüzünə” məruz qalan Ermənistana ABŞ dövlətinin dəstəyini ifadə etmək üçün deyil, cəmi bir neçə ay sonra keçiriləcək seçkilərdə erməni lobbisinin dəstəyini almaq üçün gəlmişdi. Eyni zamanda, xanım spiker bu səfəri ilə özünün gələcək karyerası ilə də bağlı erməni lobbisinin maliyyəsinə ehtiyac duyduğunu nümayiş etdirmiş olub. Ümumən hesab edirəm ki, səfərlə əlaqədar korrupsiya faktlarının ortaya çıxması beynəlxalq təşkilatların və dünya mediasının diqqətindən yayınmamalıdır”.
“Nensi Pelosinin Azərbaycanın ünvanına səsləndirdiyi reallıqdan uzaq və absurd fikirləri də onun nə dərəcədə qərəzli, qeyri-obyektiv və qeyri-səmimi siyasətçi və dövlət rəsmisi olmasının göstəricisi hesab edilə bilər” deyən “İki sahil” qəzetinin baş redaktoru sual edib ki, Ermənistanın 30 ilə yaxın müddətdə Azərbaycan torpaqlarını işğalda saxlaması faktı nə üçün xanım spikerin yadından çıxıb: “Necə olur ki, qondarma erməni soyqırımı abidəsi önündə baş əyib, timsah göz yaşları axıdan Nensi Pelosi cəmi 30 il öncə dünyanın gözü qarşısında törədilən və bəşər tarixində bənzəri olmayan Xocalı soyqırımını görməzdən gəlir?. Görəsən, özünü yeri gəldi-gəlmədi bütün dünyaya demokratiya, ədalət carçısı kimi təqdim edən, lakin indiyədək Xocalı soyqırımı barədə bir cümlə işlətməyən, təcavüzkar, işğalçı Ermənistanı demokratik ölkə adlandıran xanım spiker bilirmi ki, son parlament seçkilərində bu ölkədə müxalif namizəd güllələnib, həbsxanaya atılıb. Düşünürəm ki, bu qədər saxta görünmək, korrupsiya üzərindən Ermənistan kimi terroru dövlət səviyyəsində dəstəkləyən ölkənin və onun hakimiyyətinin ünvanına tərif yağdırmaq, Azərbaycanı isə ədalətsiz olaraq təcavüzkarlıqda ittiham etmək ən azı ABŞ-ın nüfuzuna vurulan ən böyük zərbədir.”

Tehsil-press.az

Oxşar xəbərlər