Təbiət fənni üzrə hazırlanan məzmun standartları müəllimlərin müzakirəsinə çıxarılıb

Təbiət fənni üzrə hazırlanan məzmun standartları müəllimlərin müzakirəsinə çıxarılıb Təhsil İnstitutu tərəfindən Bakı məktəblərinin qabaqcıl kimya, fizika, biologiya və coğrafiya müəllimləri ilə təbiət fənni üzrə hazırlanan məzmun standartlarının müzakirəsi keçirilib.
Müzakirədə ilk çıxış edən Təhsil standartları və proqramları şöbəsinin müdiri Mənsur Məhərrəmov təbiət elmlərinin inteqrativ tədris olunacağı təbiət fənni üçün kurikulum hazırlanması prosesindən, kurikulum mütəxəssisi Rəşad Səlimov isə yeni hazırlanmış məzmun standartlarından və bu fənnin tədrisi üçün sorğu əsaslı öyrənmə yanaşmasından bəhs edib.
Müzakirə zamanı müəllimlər beynəlxalq təcrübənin nəzərə alınmasını, bu fənnin yuxarı siniflərdə fizika, kimya, biologiya və coğrafiya fənlərinin tədrisi üçün baza xarakteri daşımasının əhəmiyyətini, təbiət elmləri arasındakı inteqrativliyin təmin edilməsini və digər yenilikləri təqdirə layiq hesab ediblər. Bununla yanaşı, V sinif “Təbiət” dərsliyinin pilot mərhələsində iştirak edən müəllimlər şagirdlərin və valideynlərin bu yeni fənnə olan maraq və sevgisindən danışıblar.
Qeyd edək ki, Nazirlər Kabinetinin 2020-ci il 29 sentyabr tarixli qərarı ilə təsdiqlədiyi “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları” sənədinə əsasən ümumtəhsil müəssisələrinin orta təhsil səviyyəsinin V və VI siniflərində təbiət fənninin tədrisi nəzərdə tutulub. Sinqapurun “Alston” təhsil şirkəti ilə əməkdaşlıq çərçivəsində Təhsil İnstitutunun mütəxəssisləri tərəfindən beynəlxalq təcrübə və XXI əsrin səriştələri nəzərə alınaraq hazırlanan təbiət fənni üzrə kurikulum müəllimlərin müzakirəsinə çıxarılıb.

Tehsil-press.az


Oxşar xəbərlər