Azərbaycan Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın illik konfransında təmsil olunur

Azərbaycan Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın illik konfransında təmsil olunur Meksika Birləşmiş Ştatlarının paytaxtı Mexiko şəhərində Anaxuak Universitetinin təşkilatçılığı ilə Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (IAEA: International Association for Educational Assessment) “Qiymətləndirmənin keyfiyyətli təhsilə töhfələri” mövzusunda 47-ci illik konfransı keçirilir.
Oktyabrın 7-dək davam edəcək konfransda ölkəmiz DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur. Azərbaycan nümayəndə heyəti DİM-in fəaliyyəti ilə bağlı elmi işlərin təqdimatını edəcək. Konfransda, həmçinin mərkəzin əməkdaşı Azərbaycanda şagirdlərin təhsildə davamiyyəti, onların ümumi və tam orta təhsil səviyyələri üzrə buraxılış, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirakı və əldə etdikləri nəticələrin müqayisəli təhlili barədə məruzə ilə çıxış edəcək. Digər əməkdaş isə DİM tərəfindən təşkil olunan imtahanların keyfiyyətinin Niderlandın RCEC təşkilatının auditindən keçməsi ilə bağlı təqdimatla çıxış edəcək və konfransın sessiyalarının ikisinə moderatorluq edəcək.
Anaxuak Universiteti tərəfindən keçirilən builki konfransda “Yeni reallıq üçün qiymətləndirmə alətlərinin dəyişdirilməsi”, “Ölçmə - keyfiyyətli təhsilin əsas elementi kimi”, “Qiymətləndirmədə etika və sosial məsuliyyət”, “Keyfiyyətin qiymətləndirilməsi üçün inklüziv və bərabər təhsil” və “Qiymətləndirmə və ömürboyu öyrənmə” mövzuları üzrə təqdimatlar keçirilir.
DİM-in texnoloji tərəfdaşı olan “Bakinity Distribution” şirkəti konfransın sponsorlarından biridir. DİM “Bakinity Distribution” ilə birgə konfrans iştirakçılarına bir sıra təhlükəsiz imtahan həllərini nümayiş etdirir.
Konfransın spikerləri İngiltərə, ABŞ, İsrail, Çin, Sinqapur, Norveç və digər ölkələri təmsil edirlər. IAEA-nın 47-ci illik konfransı haqqında geniş məlumatı linkə daxil olaraq əldə edə bilərsiniz.
Qeyd edək ki, IAEA ümumi və ali təhsil müəssisələrində, müxtəlif təşkilatlarda və iş yerlərində təhsilin qiymətləndirilməsində iştirak edən qurumlar üçün yaradılmış qlobal forumdur. IAEA hər il təhsildə qiymətləndirmənin keyfiyyətinin artırılması və bu sahədə beynəlxalq əməkdaşlığın inkişafı məqsədilə illik beynəlxalq konfranslar təşkil edir.
Xatırladaq ki, DİM uzun illərdir biliyin qiymətləndirilməsi sahəsində dövlətlərarası əməkdaşlığın qurulması, bu sahədə təcrübə mübadiləsinin aparılması, yeni qiymətləndirmə metodlarının tətbiqi məqsədilə yaradılmış IAEA ilə sıx əməkdaşlıq edir. DİM (əvvəlki TQDK-nın fəaliyyəti də daxil olmaqla) 1999-cu ildən IAEA-nın daimi üzvüdür. 2007-ci ildə IAEA-nın 33-cü illik konfransı da DİM-in təşkilatçılığı ilə MDB və Şərqi Avropa dövlətləri arasında ilk dəfə Azərbaycanda keçirilib. 2019-cu ildə isə DİM tərəfindən IAEA-nın 45-ci illik konfransı keçirilib və həmin tədbirdə 500-dən artıq xarici təşkilatın nümayəndələri iştirak ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər