IAEA 2019 konfransı sessiyalarla davam edir

IAEA 2019 konfransı sessiyalarla davam edir Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın "Qiymətləndirmə və qərarvermə: fərdi və institusional həll yolları" mövzusunda 45-ci illik beynəlxalq konfransı sessiyalarla davam edir.
Konfrans çərçivəsində "İbtidai təhsildə test", "Dilin qiymətləndirilməsi", "Qiymətləndirmə sistemləri", "Sinif qiymətləndirməsi", "Qiymətləndirmə fəlsəfələri" mövzularında sessiyalar keçirilir.
Sessiyalarda çıxış edənlər mövzularla bağlı apardıqları araşdırmalardan və təmsil etdikləri ölkələrin təcrübəsindən danışırlar.
Niderlandın Cito təhsilin ölçülməsi institutundan Frans Kleintjes təlim nəticələrini artırmaq üçün şagirdlərin monitorinq sisteminin Kürasaoda tətbiqindən danışıb.
Dövlət İmtahan Mərkəzinin əməkdaşları Məhəmməd Adıgözəlov və İlahə Gülalıyeva "5-6 yaşlı uşaqların intellektual inkişaf səviyyəsini müəyyənləşdirmək üçün testin hazırlanması" mövzusunda çıxış ediblər. Qeyd olunub ki, praktik psixoloqlar üçün metodik ədəbiyyatın əksəriyyətində çox vaxt düzgün sınaqdan keçirilməmiş alətlər yer alır. Digər tərəfdən, bəzi mütəxəssislər və məktəblər uşaqlara diaqnoz qoymaq üçün xarici norma və standartları tətbiq edirlər.
Diqqətə çatdırılıb ki, tədqiqat zamanı mövcud zəka testləri nəzəri və metodoloji təhlil edilib, məktəbdə uşaqların psixoloji problemlərinə aydınlıq gətirilməyə çalışılıb. Araşdırma zamanı məktəb yaşı çatmamış uşaqların zehni inkişafının ümumi qəbul edilmiş quruluşundan, intellektual inkişaf səviyyəsinin hərtərəfli diaqnozu üçün metodologiyadan, valideynlər və müəllimlər üçün ayrıca anketlərdən istifadə edilib, sosial-psixoloji amillər nəzərə alınıb.
"Dilin qiymətləndirilməsi" sessiyasında qiymətləndirmədə və rəqəmsal savadda istifadə olunan dilin araşdırılması, qlobal miqyasda ingilis dili və Çin dili standartlarının müqayisəli təhlili istiqamətində müzakirələr aparılıb. Həmçinin sessiyada Kembric Qiymətləndirmə departamentindən Daniel Broker və Dövlət İmtahan Mərkəzindən Vəli Hüseyn "Qiymətləndirmə və qərar qəbulu: ingilis dilinin qiymətləndirilməsi üzrə Kembric və Azərbaycan arasında bilik mübadiləsi və əməkdaşlıq" mövzusunda təqdimat ediblər.
"Qiymətləndirmə sistemləri" sessiyasında Dövlət İmtahan Mərkəzinin əməkdaşı Pərviz Kərimov "Fərdi, institusional və ümummilli qərar qəbulu üçün inteqrasiya olunmuş qiymətləndirmə sistemi ilə əldə edilən məlumatlardan səmərəli istifadə yolları" mövzusunda məruzə ilə çıxış ediblər. Qeyd olunub ki, Dövlət İmtahan Mərkəzi orta məktəblərin buraxılış imtahanları, universitetlərə qəbul, habelə dövlət qulluğuna namizədlərin seçimi daxil olmaqla kompleks qiymətləndirmə sistemini idarə edir. Fəaliyyətinin ilk mərhələlərində mərkəzləşdirilmiş imtahan sisteminin yeganə məqsədi universitetlər üçün tələbələrin qərəzsiz seçilməsini təmin etmək olsa da, sonradan fərdi və institusional qərar qəbulu üçün nəhəng məlumat istehsalı platformasına çevrilərək texniki və tədqiqat potensialını artırıb. Platforma namizədlər və təşkilatlar daxil olmaqla bütün maraqlı tərəflərin tələblərini uyğunlaşdırmaq üçün hazırlanıb. Çeviklik, texnologiyaya əsaslanan dizayn və elmi yanaşma, sistemin fasiləsiz və bəzən fərdi və institusional potensialın artırılmasına yönəlmiş müsbət dəyişikliklərin və yeniliklərin hərəkətverici qüvvəsi kimi çıxış etməsinə imkan verir.
Dövlət İmtahan Mərkəzi tərəfindən idarə olunan mütəxəssislər və müəllimlər şəbəkəsi müxtəlif qiymətləndirmə vasitələrini inkişaf etdirir, təhsil müəssisələrinin, dövlət qurumlarının və şəxslərin xüsusi tələblərinə uyğun olaraq qiymətləndirmə prosedurlarını idarə edir. 2016-cı ildən Dövlət İmtahan Mərkəzi dövlət qulluğuna namizədlərin seçilməsini idarə etməyə başlayıb. Bu, ali təhsil səviyyəsində qiymətləndirmənin təsdiqlənməsi və universitet təhsilinin real karyera tələbləri ilə uzlaşdırılması üçün yeni perspektiv açır.
"Sinif qiymətləndirməsi" sessiyasında Azərbaycan Müəllimləri Təkmilləşdirmə İnstitutundan Xədicə Cəfərova "Sinif qiymətləndirmələrindən istifadə etməklə tədris haqqında əsaslandırılmış qərar qəbulu" mövzusunda çıxış edib. Diqqətə çatdırıb ki, yeni qiymətləndirmə sistemini mənimsəmək və faydalarını artırmaq üçün dəqiq konsepsiya hazırlanmalıdır. Bu sənəd sinif qiymətləndirmələrinə konseptual səviyyədə baxır və tədris praktikasının təkmilləşdirilməsi məqsədilə qərar verməkdə rolunu təhlil edir. Beləliklə, diaqnostik və formativ qiymətləndirmələrə dinamik baxılır (məlumatların toplanması, təfsiri və bundan sonra nə ediləcəyi barədə qərar); summativ qiymətləndirməyə statik baxılır (tələbənin akademik fəaliyyətinin vahid, dövlət standartları və s. baxımından qiymətləndirilməsi).
Sessiyada, həmçinin Nazarbayev İntellektual Məktəbləri tələbələrinin ingilis dili biliklərinin artırılmasına təsir edən amillərə nəzər salınıb.
"Qiymətləndirmə fəlsəfələri" sessiyasında toxunulan problemlərdən biri "IQ testlərində məntiq sualları nə qədər məntiqlidir?" mövzusu olub. Bu barədə çıxış edən ADA Universitetindən Yaqub Əliyev sualların determinist (bilik və bacarıqlar əsasında həll edilə bilən) və ehtimal olunan (şansın olması ilə həll edilə bilən) növlərinə diqqəti çəkib. Bildirib ki, şans elementləri olan məntiq suallarından qəbul və ya buraxılış imtahanlarında, işə qəbul testlərində istifadə etmək düzgün deyil.
Konfransın sessiyaları davam edir.

Tehsil-press.az




Oxşar xəbərlər