BDU-da “Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir” adlı tədbir keçirilib

BDU-da “Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir” adlı tədbir keçirilib Bakı Dövlət Universitetində (BDU) “Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir” adlı tədbir keçirilib. Tədbirdə BDU-nun professor-müəllim heyəti, Sosial elmlər və psixologiya fakültəsinin birinci kurs tələbələri iştirak ediblər.
Tədbirdə çıxış edən BDU-nun Hüquq fakültəsinin professoru Zahid Cəfərov müstəqilliyimizin bərpasının 31-ci ildönümü münasibətilə iştirakçıları təbrik edib. Diqqətə çatdırılıb ki, dövlətimizin müstəqilliyinin qorunması və möhkəmləndirilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Professor Şahlar Əsgərov çıxışında 1988-1992-ci illərdə Azərbaycanın keçirdiyi ağır və böhranlı dövrü xatırladıb. O, 91 nəfər ziyalı ilə birlikdə ulu öndər Heydər Əliyevə müraciət etdiklərini və dahi liderin xilaskarlıq missiyasını öz üzərinə götürdüyünü tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Ş.Əsgərov Ümummilli Liderin dövlətçiliyimizin, milli dəyərlərimizin qorunmasında müstəsna xidmətləri, uğurlu daxili və xarici siyasəti, sosial, elm, təhsil, mədəniyyət sahələrində həyata keçirdiyi islahatlar barədə tələbələri məlumatlandırıb. O, gəncləri ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak etməyə çağırıb.
Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev YAP gənclərinin beynəlxalq aləmdəki nüfuzu, ölkə daxilində vətənpərvərlik ruhunun aşılanması istiqamətində gördükləri işlər haqqında məlumat verib. O, həmçinin ölkə rəhbərliyi tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan, onlara yaradılan hərtərəfli şəraitdən, geniş imkanlardan danışıb.
Sosial elmlər və psixologiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Nəzakət Kərimova çıxış edərək gənclərə ölkənin siyasi-mədəni həyatında fəal iştirak etməklə yanaşı, öz ixtisaslarına dərindən bələd olmağı, daim yeni bilik və bacarıqlara yiyələnməyi, elmli, savadlı və vətənpərvər ruhlu gənclər kimi formalaşmağı tövsiyə edib.

Tehsil-press.az

Oxşar xəbərlər