Gürcüstanın təhsil və elm nazirinin səfəri uğurla başa çatıb

Gürcüstanın təhsil və elm nazirinin səfəri uğurla başa çatıb Gürcüstanın təhsil və elm naziri Mixeil Çxenkeli Azərbaycana səfəri çərçivəsində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzini ziyarət edib.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru səlahiyyətlərini icra edən Ceyhun Kərəmov son illərdə ölkəmizdə peşə təhsili sahəsində aparılan islahatlar və əldə olunan nailiyyətlər haqqında məlumat verib.
Görüş zamanı nazir mərkəzdə tədris edilən proqramlar haqqında məlumatlandırılıb və yaradılan şəraitlə tanış olub. Mixeil Çxenkeli peşə təhsilinin inkişafının öz ölkəsində prioritet istiqamətlərdən biri olduğunu qeyd edib, iki ölkə arasında bu sahədə əməkdaşlıq üçün geniş imkanların mövcudluğunu vurğulayıb.
Mixeil Çxenkeli ilə Diasporla İş üzrə Dövlət Komitəsində də görüş keçirilib. Komitə sədri Fuad Muradov Gürcüstanda yaşayan soydaşlarımızın rifahının daim diqqət mərkəzində olduğunu bildirərək soydaşlarımızın təhsil hüquqlarının təmin olunmasının onların gələcəkdə Gürcüstanın inkişafına töhfə verməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini nəzərə çatdırıb.
Səfər çərçivəsində qonaq ADA Universitetini ziyarət edib və universitetin rektoru professor Hafiz Paşayev ilə görüşüb. Qonağa universitetin fəaliyyəti, beynəlxalq standartlara əsasən qurulan təhsil və tədris prosesi haqqında məlumat verilib.
Gürcüstanın təhsil və elm naziri Azərbaycan-Fransa Universitetində (UFAZ) də olub. Nazir UFAZ-ın müasir avadanlıqlarla təchiz olunmuş elmi-tədris laboratoriyası ilə tanış olub, universitetin tədris proqramları barədə məlumatlandırılıb.

Tehsil-press.az



Oxşar xəbərlər