ADNSU-nun əsas tərəfdaşlığı ilə beynəlxalq elmi konfrans keçirilir

ADNSU-nun əsas tərəfdaşlığı ilə beynəlxalq elmi konfrans keçirilir Noyabrın 3-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), Orta Doğu Texniki Universiteti (ODTU), Kazan Federal Universitetinin (KFU) və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin təşkilatçılığı ilə beynəlxalq elmi konfrans başlayıb.
“Neft verimliliyinin artırılması üçün termiki üsullar: Laboratoriya sınaqları, simulyasiya və neft yataqlarında tətbiqlər” mövzusunda keçirilən Beynəlxalq Elmi Konfransda dünyanın bir çox ölkələrindən 100-dən artıq qonaq, dövlət və özəl qurumların rəhbərləri, o cümlədən universitetlər iştirak edirlər. Universitetlər arasında Türkiyənin Orta Doğu Texniki Universiteti, Rusiyanın Kazan Federal Universiteti, Ufa Dövlət Neft Texniki Universiteti, Çinin Cənub-Qərb Neft Universiteti, ABŞ-ın Hyuston Universiteti, Meksikanın Meksika Neft İnstitutu, İranın Şərif Texnologiya Universitetindən olan nümayəndələr də iştirak edirlər.
Konfransı giriş sözü ilə açan ADNSU-nun rektoru, professor Mustafa Babanlı konfransın önəmindən danışıb, neft sənayesi ilə bağlı müasir biliklərin alınmasında və beynəlxalq mühitə adaptasiya prosesində bu konfransın mühüm rol oynayacağına ümidvar olduğunu bildirib. O, konfrans çərçivəsində bir sıra mühüm görüşlərin və birgə layihələrin icrasının nəzərdə tutulduğunu qeyd edib.
Azərbaycan Respublikası Elm və Təhsil Naziri Emin Əmrullayev ölkəmizdə bu cür beynəlxalq konfransların keçirilməsinin Azərbaycan elminə, xüsusən də neft sənayesi üzrə elmi biliklərin artırılmasına mühüm töhfə verdiyini deyib və konfransın işinə uğurlar arzulayıb.
Sonra konfransın həmtəsisçiləri – ODTU-nun rektoru, professoru Mustafa Versan Kok, KFU-nun prorektoru, professor Denis Nurgaliyev, UDNTU-nun rektoru, professor Ramil Baxtizin, həmçinin qonaqlar: BP-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli, SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov, Rusiyanın Neft-qaz İstehsalçıları Birliyinin komitə sədri Anatoli Zamri konfransın müasir neft sənayesinin inkişafı, həmçinin müxtəlif ölkələrin təcrübəsinin və yeniliklərinin öyrənilməsi baxımından əhəmiyyətindən danışıb, konfransın işinə uğurlar diləyiblər.
Konfrans plenar mühazirələrlə davam edib.
Qeyd edək ki, konfransa 100-dən çox məqalə və tezis daxil olub. 3 gün davam edəcək konfrans çərçivəsində ADNSU, ODTU və KFU arasında üçtərəfli görüşlər keçirilməsi, müştərək elmi layihələrin, tədris proqramlarının icrası ilə bağlı müzakirələrin aparılması nəzərdə tutulub.

Tehsil-press.az


Oxşar xəbərlər