X Azərbaycan-Koreya dili nitq müsabiqəsi

X Azərbaycan-Koreya dili nitq müsabiqəsi Bakı Dövlət Universiteti (BDU), Koreya Respublikasının Azərbaycandakı səfirliyi, Koreya Fondu  və Azərbaycan Koreya dili Müəllimləri Assosiasiyasının təşkilatçılığı ilə X Azərbaycan-Koreya dili nitq müsabiqəsi keçirilib.
Müsabiqədə BDU, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dillər Universiteti, Naxçıvan Dövlət Universiteti və Gəncə Texnologiya Universitetindən, ümumilikdə 11 tələbə iştirak edib.
Tədbirdə çıxış edən BDU-nun Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan bildirib ki, bu il Azərbaycan ilə Koreya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi qeyd olunur. Koreyaşünaslıq üzrə mədəniyyət tədbirinin keçirilməsi iki ölkə arasında münasibətlərin inkişafına töhfə sayıla bilər.
Sonra Koreyanın Azərbaycandakı səfirliyinin III katibi Vu Ci Youn çıxış edərək, müsabiqənin təşkilinə görə BDU rəhbərliyinə, Koreya Fonduna və Azərbaycan Koreya dili Müəllimləri Assosiasiyasına təşəkkür edib. O, mütəmadi keçirilən müsabiqənin tələbələrin Koreya dilini mənimsəmələrinə müsbət təsir etdiyini vurğulayıb.
Koreya Fondunun rəsmi nümayəndəsi, Fondun Müstəqil Dövlətlər Birliyi (MDB) üzrə direktoru Lim Cheol-voo müsabiqənin əhəmiyyətindən danışıb. Koreya İncəsənət və Hanqıl Mərkəzinin direktoru O Su Min “Koreyanın ruhu, Ariranqın müxtəlifliyi” mövzusunda Koreya musiqi alətinin müşayiəti ilə maraqlı mühazirə oxuyub.
Müsabiqənin nəticələrinə əsasən, BDU-nun tələbələri Nigar Əmrahzadə I, Lalə Məmmədova II, Mədinə Tapdıqlı III yerləri tutublar. III yerin daha bir qalibi isə Bakı Mühəndislik Universitetinin tələbəsi Nigar Qurbanova olub.
Müsabiqə qaliblərinə hədiyyə və sertifikatlar təqdim edilib.

Tehsil-press.az


Oxşar xəbərlər