BDU-da tədbir - “Müxtəlif ölkələrin fərqli təhsil sistemləri”

BDU-da tədbir - “Müxtəlif ölkələrin fərqli təhsil sistemləri” Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsində “Müxtəlif ölkələrin fərqli təhsil sistemi” mövzusunda tədbir təşkil olunub.
Fakültənin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Nəzakət Kərimova qeyd edib ki, antik dövrdən indiyədək tarixin bütün dönəmlərində müxtəlif xalqlar fərqli təhsil sistemləri yaradıb. Təlim-tərbiyə metodlarının müxtəlifliyinə baxmayaraq, bu sistemlər təhsil institutunun inkişafına və onun daha da təkmilləşməsinə səbəb olub. N.Kərimova müxtəlif təhsil modellərinin müqayisəli təhlilini verməklə yanaşı, müasir dünyada gedən proseslərin təhsilə təsiri məsələlərindən danışıb.
Fakültənin müəllimi Tutu Eyvazova hazırda respublikamızda insan kapitalının inkişafına istiqamətlənmiş böyük layihələrdən, təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərindən bəhs edib. O, gənclərin dünyagörüşünün, əxlaqi-mənəvi keyfiyyətlərinin, habelə yaradıcılıq qabiliyyətlərinin formalaşmasında təhsilin böyük rol oynadığını qeyd edib.
Sosiologiya ixtisasının II kurs tələbələrindən Heydər Aslanov Misir, Laçın Osmanov Kanada, Suğra Əkbərova Birləşmiş Ərəb Əmirliyi, Səbinə Məmmədova Finlandiya, Günel Quliyeva İtaliya, Rəsmiyyə Vəliyeva Nigeriya, Cavid Paşayev Şimali və Cənubi Koreya respublikalarının təhsil sistemləri, infrastrukturu, tədrisin keyfiyyəti, maliyyələşmə mexanizmləri barədə ətraflı məlumat verib, müqayisəli təhlil ediblər.
Fakültənin tələbəsi Uğur Məmmədzadə ərazisində müharibə gedən dövlətlərin təhsil müəssisələrindəki acınacaqlı vəziyyətlə bağlı hazırladığı slaydı tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, erməni təcavüzü nəticəsində dağıdılmış təhsil və mədəniyyət ocaqlarımız haqqında məlumat verib.
Tədbirin sonunda maraqlı çıxışları ilə fərqlənən tələbələrə kitab hədiyyə olunub.

Tehsil-press.az

Oxşar xəbərlər