Türkiyənin Kastamonu Universitetinin professoru BDU-da mühazirə deyib

Türkiyənin Kastamonu Universitetinin professoru BDU-da mühazirə deyib Türkiyənin Kastamonu Universitetinin professoru Hasan Keseroğlu Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsində “Türkiyədə kitabxanaçılıq təhsilinin yaranması və inkişafı” mövzusunda mühazirə deyib.
H.Keseroğlu Səlcuqlar və Osmanlı dövründə fəaliyyət göstərən vəqf kitabxanaları haqqında danışıb. Cümhuriyyət dövründə kitabxana işinin xüsusilə inkişaf etdiyini qeyd edən professor H.Keseroğlu Mustafa Kamal Atatürkün xaricdə təhsil almağa göndərdiyi ilk tələbələr arasında kitabxanaçılıq təhsili alanların da olduğunu deyib. O, xaricdə təhsil alaraq Vətənə dönən Fehmi Ethem Karatayın, Adnan Ötükenin Türkiyədə kitabxanaçılıq təhsilinin yaradılmasında mühüm xidmətləri olduğunu diqqətə çatdırıb.
H.Keseroğlu qeyd edib ki, 1954-1955-ci tədris ilindən etibarən Ankara Universitetində ali kitabxanaçılıq təhsilinə başlanılıb. 1964-cü ildən İstanbul Universitetində, 1974-cü ildən isə Hacettepe Universitetində ixtisas üzrə kadr hazırlığı aparılır.
Türkiyədə 20-yə yaxın universitetdə kitabxanaçı kadrların hazırlandığını bildirən professor 1949-cu ildən fəaliyyət göstərən və sahənin inkişafına mühüm töhfələr verən Türk Kitabxanaçılar Dərnəyinin və "Web of Science” elmi məlumat bazasında yer alan “Türk Kitabxanaçılığı Dərgisi”nin fəaliyyətindən də bəhs edib. Müasir dövrdə Türkiyədə elektron kitabxana və elektron kataloqlaşdırmanın mühüm istiqamət təşkil etdiyini qeyd edən mühazirəçi ölkəsində ali kitabxanaçılıq təhsilinin Avropa modeli əsasında qurulduğunu və davamlı olaraq inkişaf etdirildiyini vurğulayıb.

Tehsil-press.az


Oxşar xəbərlər