BDU-da Xalq yazıçısı Süleyman Rəhimova həsr olunmuş elmi seminar keçirilib

BDU-da Xalq yazıçısı Süleyman Rəhimova həsr olunmuş elmi seminar keçirilib Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsində professor-müəllim heyətinin, doktorant və magistrantların iştirakı ilə “Xalq yazıçısı Süleyman Rəhimov Azərbaycanda kitabxana quruculuğunun təşkilatçısı kimi” mövzusunda elmi seminar keçirilib.
Elmi seminarda BDU-nun Biblioqrafiyaşünaslıq kafedrasının müdiri dosent Nadir İsmayılov mövzu ilə bağlı məruzə edib.
Məruzədə XX əsr Azərbaycan ictimai fikir tarixinin və ədəbi prosesinin görkəmli nümayəndəsi, Xalq yazıçısı Süleyman Rəhimovun milli mədəniyyətimizin inkişafı, o cümlədən kitabxana-biblioqrafiya quruculuğu, ölkəmizdə ali kitabxanaçılıq təhsilinin təşkili və inkişafı sahəsindəki xidmətləri şərh olunub. Görkəmli yazıçının kitabxana-biblioqrafiya quruculuğu sahəsindəki irsi mədəniyyət tarixi konteksində araşdırılıb. Bildirilib ki, Süleyman Rəhimov ötən əsrin 30-40-cı illərindən etibarən müxtəlif mətbuat orqanlarında Azərbaycanda kitabxana işinin təşkili, əhalinin maarifləndirilməsi, oxucu zövqünün və mütaliə mədəniyyətinin formalaşması kimi aktual məsələlərə dair çoxsaylı məqalələr dərc etdirib. Həmin məqalələrdə sahə ilə bağlı problemlər, onların həlli yolları göstərilib, eyni zamanda, ölkəmizdə kitabxanaşünaslıqla bağlı ilk elmi fikirlər irəli sürülüb.
1945-1953-cü illərdə Azərbaycan Nazirlər Soveti yanında Mədəni-Maarif Müəssisələri Komitəsinin sədri olarkən Süleyman Rəhimov bu sahəyə bilavasitə rəhbərlik edib. Bu dövrdə məhz onun səyləri ilə kitabxana işinin inkişafı ilə bağlı bir sıra mühüm qərarlar qəbul olunub. Bölgələrdə kitabxanaların açılması, kitabxana fondlarının zənginləşdirilməsi ilə bağlı tədbirlər həyata keçirilib, bu sahəyə əsaslı maliyyənin ayrılmasına nail olunub. Qeyd olunub ki, Süleyman Rəhimovun kitabxana işi sahəsində ən böyük xidmətlərindən biri də Mirzə Fətəli Axundzadə adına Milli Kitabxananın indiki binasının milli ornamentlər əsasında layihəsinin hazırlanması, təsdiqi və həyata keçirilməsinə bilavasitə rəhbərlik etməsi hesab olunur.
Məruzədə vurğulanıb ki, Süleyman Rəhimov kitabxana fəaliyyəti üzrə ixtisaslı kadrların hazırlanmasını vacib hesab edib, bu prosesin institusional formada həyata keçirilməsi üçün əməli addımlar atıb. O, 1947-ci ildə BDU-nun Filologiya fakültəsinin nəzdində kitabxanaçılıq ixtisasının açılmasında, Kitabxanaşünaslıq və biblioqrafiya kafedrasının yaranmasında, kafedra üçün müəllim kadrların seçilməsində mühüm rol oynayıb, bu ixtisas üzrə təhsil alan tələbələrə kitab tarixi fənnindən ilk mühazirəni də məhz özü oxuyub.
Kitabxanaçılıq-informasiya fakültəsinin yaranmasının 60 illiyinə həsr olunmuş elmi seminar müzakirələrlə yekunlaşıb.

Tehsil-press.az



Oxşar xəbərlər