
Bunu AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayev söyləyib. O bildirib ki, Azərbaycan elminin inkişafında Ulu Öndərin xidmətləri misilsizdir. Dahi Liderin siyasətinin əsas tərkib hissələrindən biri də elm və təhsil idi. Ümummilli Lider elmdə əldə olunmuş uğurları dövlət quruculuğunun mühüm rəhni kimi qəbul edirdi. Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi hər iki dövrdə bu sahənin inkişafı üçün diqqət və qayğısını əsirgəməyib, hər zaman Azərbaycan elminə və ziyalılarına yüksək qiymət verib.
Respublikamıza rəhbərlik etdiyi ilk dövrdə elmin inkişafı ilə bağlı məsələlərə xüsusi diqqət yetirən Ulu Öndər bu sahənin sürətli inkişafı üçün mühüm qərarlar verib, müvafiq sənədlər imzalayıb. Onun diqqət və qayğısı nəticəsində elmi-tədqiqat institutlarının və işçilərinin sayı artır, elmi-tədqiqat institutları üçün yeni korpuslar tikilir, xüsusi təyinatlı layihə-konstruktor büroları yaradılırdı. Azərbaycan elminin ölkədə və dünyada tanıtdırılmasına səy göstərilir, elmi-tədqiqat işlərinin səviyyəsi yüksəlir, elmin tətbiq sahələri genişlənir, elm adamlarına yaradıcılıq şəraiti yaradılır, görkəmli alimlərin fəaliyyətləri təqdir olunur və onlar mükafatlandırılırdı. Azərbaycan dili, ədəbiyyatı və tarixi üzrə aparılan tədqiqatların genişləndirilməsinə xüsusi fikir verilirdi. Bir faktı qeyd etmək lazımdır ki, 1978-ci ildə elmi-tədqiqat, layihə və sahə institutlarının sayı 118-ə, elmi işçilərin sayı 21407 nəfərə, akademik və müxbir üzvlərin sayı 100 nəfərə, elmlər doktorlarının sayı 853-ə, elmlər namizədlərinin sayı 7594 nəfərə çatmışdı.
“Dahi şəxsiyyət ikinci dəfə hakimiyyətə qayıdanda, 1993-cü ildə məhz birinci görüşünü AMEA-da Azərbaycan ziyalıları ilə keçirmişdi. Bunu yalnız Heydər Əliyevin alimlərə bəslədiyi böyük ehtiramla, Azərbaycan elminin gələcəyinə göstərilən hədsiz qayğı və diqqətlə izah etmək olardı. Ulu Öndər Heydər Əliyevin müdrikliklə müəyyən etdiyi və həyata keçirdiyi elm siyasəti bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hesab edirəm ki, “Heydər Əliyev İli” çərçivəsində Ümummilli Liderin elm və təhsil sahəsində həyata keçirdiyi siyasəti daha geniş şəkildə araşdırılacaq və tədqiqatlar zamanı elmi ictimaiyyətə məlum olmayan yeni faktların aşkarlanmasına zəmin yaradılacaq”, - deyə gənc alim bildirib.
Tehsil-press.az