Azərbaycan təhsilinin və elminin inkişafında Ümummilli Liderin tarixi xidmətləri olub

Azərbaycan təhsilinin və elminin inkişafında Ümummilli Liderin tarixi xidmətləri olub Azərbaycanın bütün sahələrdə uğur qazanmasında, beynəlxalq aləmə və qlobal iqtisadi mühitə sürətlə inteqrasiya etməsində ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə reallaşan layihələrin, həyata keçirilən islahatların, müxtəlif dövlət proqramlarının böyük rolu olub. Dünya şöhrətli siyasi xadim Heydər Əliyevin həm daxili və xarici siyasətə, həm də milli iqtisadiyyat və onun ayrı-ayrı sahələrindəki problemlərə kompleks şəkildə yanaşması bu gün bəhrəsini gördüyümüz ciddi uğurların əsasını qoyub. Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə təhsilə daim böyük önəm verib, bu sahənin inkişafında misilsiz işlər görüb.
Bu fikirləri Azərbaycan Turizm və Menecment Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müdiri, dosent Cənnətxan Eyvazov söyləyib. O bildirib ki, 1993-cü ildə dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın müstəqilliyini və bu gününü özünə qaytardı. Ölkədə öncə siyasi sabitliyi təmin edən Ümummilli Lider Azərbaycanın dünyada nüfuzlu söz sahibinə çevrilməsi kimi qlobal missiyanı həyata keçirməklə yanaşı elmin, təhsilin inkişafına xüsusi diqqət yetirməyə başladı.
Görkəmli dövlət xadimi Heydər Əliyev dahiyanə uzaqgörənliklə qeyd edirdi ki, istənilən sahədə inkişaf elm və təhsilin səviyyəsindən asılıdır, cəmiyyətdə bütün problemlərin həllində mühüm rol oynayan elm və təhsil milli intibahın təminatında başlıca vasitədir. Təhsil sahəsinə xüsusi həssaslıqla yanaşan Ulu Öndər bu baxımdan fenomenal bir təmkinlə qeyd edirdi ki, “təhsil sistemimizin hazırkı vəziyyətini, onun problemlərini dərindən öyrəndikdən sonra prioritet sahələr müəyyən edilməlidir”. Təhsilin vacib olduğu qədər, olduqca mürəkkəb bir sahə olduğunu gözəl bilən Ulu Öndər qeyd etmişdi ki, “təhsil sahəsi nə sənayedir, nə kənd təsərrüfatıdır, nə ticarətdir. Bu, cəmiyyətin xüsusi, intellektual cəhətini əks etdirən bir sahədir. Belə halda təhsil sisteminə çox diqqətlə yanaşmaq lazımdır və bu sistemə münasibət çox həssas olmalıdır”.
Azərbaycan təhsilinin inkişaf mərhələləri Ümummilli Liderin adı ilə bağlıdır. Görkəmli dövlət xadimi hələ ötən əsrin 70-80-ci illərində ölkəyə rəhbərlik edəndə də daim bu məsələni diqqət mərkəzində saxlayır, təhsil sistemində ciddi islahatlar həyata keçirirdi. Azərbaycan təhsilinin və elminin inkişafında Ulu Öndərin tarixi xidmətləri misilsizdir. “Təhsil sahəsi həyatımızın ən gərəkli, ən mühüm sahəsidir. O, milli məqsədlər, mənafelər əsasında qurulmalıdır” deyən Ümummilli Liderimiz cəmiyyətin, xalqın inkişafında və tərəqqisində təhsilin mahiyyətini, rolunu çox gözəl dərk edir, bu sahəyə xüsusi diqqət və qayğı ilə yanaşırdı. 1972-ci ildə “Gənclərin ümumi orta təhsilə keçidini başa çatdırmaq və ümumtəhsil məktəbini daha da inkişaf etdirmək haqqında” və 1973-cü ildə “Kənd ümumtəhsil məktəblərinin iş şəraitini daha da yaxşılaşdırmaq haqqında” qəbul edilmiş qərarlar nəticəsində Azərbaycanda ucqar yaşayış məskənlərində yeni-yeni orta ümumtəhsil məktəblərinin açılışı minlərlə azyaşlının təhsilə cəlb edilməsi demək idi. Dahi şəxsiyyət Heydər Əliyevin sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə ölkədə yeni ali təhsil müəssisələri, elmi-tədqiqat institutları açılıb. Ali məktəblərdə təhsil alanların sayı 70 mindən 100 minə qədər artıb. Eləcə də dahi rəhbərin təşəbbüsü və birbaşa himayəsi nəticəsində 70-ci illərdən başlayaraq hər il yüzlərlə məzun SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almağa göndərilib.
“Ulu öndər Heydər Əliyev müstəqillik illərində də mövcud problemlərin aradan qaldırılması və Azərbaycanda dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə uyğun təhsil strategiyasının həyata keçirilməsi məqsədilə ciddi tədbirlər həyata keçirib, mühüm tarixi fərman və sərəncamlar imzalayıb. Ümummilli Liderin təşəbbüsü ilə 1998-ci ildə təhsil sahəsində islahat proqramının hazırlanması üçün Dövlət Komissiyası yaradıldı. Qısa müddət ərzində "Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı” hazırlandı və Ulu Öndərin 1999-cu il 15 iyun tarixli Sərəncamı ilə təsdiq edildi. Proqramda təhsilin gələcək inkişaf strategiyası müəyyənləşdirilməklə, mərhələlər üzrə təhsil sisteminin strukturunda, idarə edilməsində, məzmununda, maddi-texniki bazasında, iqtisadiyyatında, kadr hazırlığı və təminatında əsaslı islahatların aparılması nəzərdə tutulurdu. Proqramın həyata keçirilməsi prosesinə Dünya Bankı cəlb edildi, beynəlxalq təcrübə əsasında əsas istiqamətlər üzrə bir sıra islahatlar həyata keçirildi.
Fəxrlə qeyd edə bilərik ki, ümummilli lider Heydər Əliyevin Azərbaycanda elm və təhsillə bağlı siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və müsbət nəticələr real şəkildə görünməkdədir. Ölkəmizdə elm və təhsil sahəsində çalışanların hər biri Ulu Öndərimizin doğum gününü və xatirəsini böyük ehtiram və qürurla anır",- deyə C.Eyvazov fikrini yekunlaşdırıb.

Tehsil-press.az

Oxşar xəbərlər