20 Yanvar - xalqımızın azadlıq mübarizəsinin simvolu

20 Yanvar - xalqımızın azadlıq mübarizəsinin simvolu Azərbaycanda azadlıq uğrunda mübarizənin tarixi minilliklərlə ölçülür. Xalqımız tarix səhnəsinə çıxandan daima yadelli işğalçıların hücumlarına məruz qalaraq azadlıq mübarizəsi aparıb. 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələri ilə Qacarlar dövləti və Rusiya imperiyası arasında iki yerə parçalanmış Azərbaycanın quzeyində və güneyində müstəmləkə zülmünə qarşı mübarizə hələ XIX əsrin əvvəllərindən başlanıb. Şəki (1806-1838), Gəncə, İrəvan (1826), Car-Balakən (1830), Lənkəran (1831), Quba (1837) üsyanları bunun əyani ifadəsi idi. Türkmənçay sülh müqaviləsindən sonra çarizm erməniləri tarixi Quzey Azərbaycan torpaqlarında yerləşdirməklə xalqımızı əsarətdə saxlamaq məqsədini həyata keçirdi. Tarixin sonrakı gedişində isə çar Rusiyası məhz ermənilərin əli ilə azərbaycanlılar arasında oyanmaqda olan milli özünüdərk prosesini boğmağa çalışdı.
Bunu Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Azərbaycan tarixi kafedrasının müdiri, dosent Naibə Əhmədova bildirib.
Alim qeyd edib ki, XX əsrin 80-ci illərinin sonlarından kəskin xarakter alan “Qarabağ problemi” o zamanlar deyildiyi kimi, heç də həmin regionun sosial-iqtisadi və mədəni inkişafının geri olması səbəbindən irəli gəlmirdi. Həmin problemə millətlərarası münaqişə kimi baxanlar, milli zəmində baş verən digər hadisələrlə eyniləşdirənlər də vardı. Əslində isə bu münaqişələr rus imperiyasının həmin ərazilərdə yeritdiyi milli siyasətin nəticəsi idi. Beləliklə, Azərbaycan xalqının milli-azadlıq hərəkatının dirçəlməsi Sovet İttifaqının rəhbərliyinə ölkəmizə qarşı sərt addımların atılması üçün şərait yaratdı. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya yeridilən sovet qoşun hissələri küçələrə çıxıb öz etirazlarını bildirən dinc əhalini ağır texnika və müxtəlif tipli silahlardan atəşə tutdu. Qanlı Yanvar hadisələri zamanı haqsızlıq və ədalətsizliyə qarşı öz haqq səsini ucaltmış dinc insanlar sovet qoşunları tərəfindən amansızcasına qətlə yetirildi. Bu, yalnız Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri dəyərlərə, humanizmə qarşı törədilən cinayətdir.
O bildirib ki, Ümummilli Lider Heydər Əliyev həmin günlərdə özünün və ailəsinin həyatını təhlükə altına ataraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək kommunist rejiminin Azərbaycanda həyata keçirdiyi qanlı aksiyanı qətiyyətlə pislədi, xalqımıza qarşı törədilən bu cinayətə, günahsız insanların öldürülməsinə etirazını bildirdi, təqsirkarların cəzalandırılmasını tələb etdi. Ulu Öndər Heydər Əliyev həmin günlərdə Azərbaycan xalqının kədərini bölüşməklə yanaşı, 20 Yanvar hadisələrinə ilk həqiqi siyasi qiymət verdi.
“Yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Əksinə, xalq daha da mətinləşdi və düşmənin gözünə dik baxdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü siyasəti və qətiyyəti, xalqımızın birliyi və Silahlı Qüvvələrimizin rəşadəti nəticəsində 30 ilə yaxın işğal altında qalan tarixi torpaqlarımız işğaldan azad olundu. Qəhrəman əsgər və zabitlərimizin qanı bahasına ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Bütün bunlar Azərbaycan xalqının Vətənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından belə keçməyə hazır olduğunu bir daha sübut etdi”, - deyə alim fikrini yekunlaşdırıb.

Tehsil-press.az


Oxşar xəbərlər