TARİXİMİZİN 20 YANVAR SƏHİFƏSİ-HÜZN VƏ MİLLİ QÜRUR GÜNÜMÜZ

TARİXİMİZİN 20 YANVAR SƏHİFƏSİ-HÜZN VƏ MİLLİ QÜRUR GÜNÜMÜZ Bu mövzuda “Naxçıvan” Universitetində konfrans keçirilib. Konfransı giriş sözü ilə universitetin tərbiyə işləri üzrə prorektoru Əli Yusifov açaraq bildirmişdir ki, 1990-ci ilin yanvar ayının 20-si Azərbaycan xalqının tarixinin həm faciəli, həm də qəhrəmanlıq səhifəsidir.Həmin gün ən müasir silahlarla silahlanmış Sovet Ordusu dəstələri Azərbaycanın paytaxtı Bakı şəhərinə girmiş, xalqın azadlıq mübarizəsinin qarşısını almaq üçün qanlı cinayət hadisəsi törətmişlər. Lakin xalq öz azadlıq mübarizəsindən geri dönmədi. Bu dövrdə hamı susduğu halda faciəyə ilk dəfə münasibətini xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Moskvadakı daimi nümayəndəliyində bildirmiş, faciə təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etmiş, bu təcavüzün Azərbaycan xalqına qarşı ən böyük cinayət olduğunu vurğulamış və siyasi qiymət verilməsini tələb etmişdir. Qanlı hadisələri törədənləri bu gün tarix də, xalqımız da nifrətlə xatırlayır. Çünki həmin hadisələr təkcə Azərbaycana qarşı yox, bütün bəşəriyyətə, insanlığa qarşı yönəlmiş qanlı soyqırım siyasəti idi. Sözsüz ki sovet imperiyasının bu qanlı aksiyanı törətməkdə məqsədi xalqımızın mübarizə əzmini qırıb, onun müstəqillik arzusunu içində boğmaq idi. Amma imperiya bu qanlı aksiyanı törətməklə öz çirkin məqsədinə çata bilmədi.Xalqımız daha da mübariz oldu, heç kimdən qorxmadı və öz istəyinə nail olaraq müstəqillik qazandı.
Konfransda universitetin ümumi tarix kafedrasının dosenti Elbrus İsayevin “20 Yanvara gedən yol-tarixi həqiqətlər”, həmin kafedranın professoru, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin “Heydər Əliyev və 20 Yanvar faciəsi” mövzularında çıxışları dinlənilmişdir.
Sonda tələbələr şəhidlərə həsr olunmuş şeirləri bədii qiraət etmiş, “20 Yanvar səhifəsi hüzn və qürur günümüzdür” adlı slayd nümayiş etdirilmişdir.

Hikmət Əliyev

Oxşar xəbərlər