ADA Universitetinin əcnəbi tələbələri “Şəhidlər” şeirini doğma dilimizdə səsləndiriblər

ADA Universitetinin əcnəbi tələbələri “Şəhidlər” şeirini doğma dilimizdə səsləndiriblər ADA Universitetində 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib. Universitetin Tələbə xidmətləri bölməsinin təşkil etdiyi tədbirdə yerli və xarici tələbələr, müəllim və işçi heyəti iştirak ediblər.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Universitetin hüquq, ictimai idarəetmə və beynəlxalq münasibətlər proqramları üzrə təhsil alan tələbələri vətənpərvərlik ruhunda şeirlər söyləyib, musiqilər ifa ediblər. Tələbələr 20 Yanvar hadisələrinin Azərbaycan tarixində yeni səhifə açdığını, müstəqillik uğrunda canından keçənlərin xatirəsinin unudulmayacağını və onların şücaətinin gənclərə örnək olduğunu qeyd ediblər. Universitetin Meksika, Ukrayna və Tacikistandan olan tələbələri Qabil Əhmədin “Şəhidlər” şeirini doğma dilimizdə səsləndiriblər.
Tədbirdə çıxış edən ADA Universitetinin dosenti, siyasi elmlər doktoru Azər Babayev vurğulayıb ki, 20 Yanvar hadisələrində milli cəsarət imperiya üzərində qalib gəldi. O, xalqımızın azadlıq uğrunda küçələrə və meydanlara toplaşmasının iradə və əzmimizin ifadəsi olduğunu qeyd edib.

Tehsil-press.az


Oxşar xəbərlər