Viza almaq üçün ərizə-anket portalı istifadəyə verildi

Viza almaq üçün ərizə-anket portalı istifadəyə verildi Azərbaycana səfər etmək niyyətində olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin istifadəsi məqsədilə “Viza almaq üçün ərizə-anket portalı” (www.visaapplication.mfa.gov.az) Xarici İşlər Nazirliyi tərəfindən istifadəyə verilib.
Azərbaycanın Miqrasiya Məcəlləsinin 37-ci maddəsinə və Nazirlər Kabinetinin 2012-ci il 17 oktyabr tarixli 235 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”nın 1.1.-ci bəndinə uyğun olaraq yaradılmış sözügedən elektron informasiya resursu vasitəsilə ölkəmizə səfər etmək istəyən əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər viza almaq üçün ərizə-anketi elektron qaydada doldurub və daha sonra təsdiq edərək, baxılması üçün Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarına göndərmək imkanına malik olacaq: “Yeni elektron informasiya sisteminin tətbiqi əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin viza müraciətlərinin baxılması və işlənməsi üçün sərf olunan müddətin minimuma enməsi, viza almaq üçün nəzərdə tutulan ərizə-anketin tam olaraq elektron doldurulması, vizanın rəsmiləşdirilməsi üçün tələb olunan bəzi sənədlərin elektron qaydada təqdim edilməsi və bununla müvafiq dövlət xidmətin göstərilməsində səmərəliliyin artırılması imkanını yaradacaq.
İstifadəyə verilmiş “Viza almaq üçün ərizə-anket portalı” Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlik və konsulluqları, o cümlədən Xarici İşlər Nazirliyi vasitəsilə qəbul olunan viza müraciətlərinə aid olacaq.
Elektron vizaların rəsmiləşdirilməsi “ASAN Viza” sisteminin portalı vasitəsilə həyata keçirilir və Xarici İşlər Nazirliyi tərəfindən istifadəyə verilmiş elektron informasiya sistemindən fərqləndirilməlidir.
İlkin mərhələdə Azərbaycanın Xarici İşlər Nazirliyi, o cümlədən ölkəmizin Almaniya Federativ Respublikasındakı və Gürcüstandakı səfirlikləri tərəfindən portal vasitəsilə elektron qaydada doldurulan ərizə-anketlər qəbul ediləcəkdir. Növbəti mərhələdə Azərbaycan Respublikasının digər diplomatik missiyalarının mərhələli şəkildə portala qoşulmasının təmin edilməsi nəzərdə tutulub.
“Viza almaq üçün ərizə-anket portalı” barədə əlavə məlumat www.visaapplication.mfa.gov.az internet səhifəsindən əldə oluna bilər”.

Tehsil-press.az

Oxşar xəbərlər