"Anası Şəhriyara cavab verir ki, sən türkcə şeir yazmırsan ki, mən də sənə türkcə cavab verəm"

DOKTOR CAVAD HEYƏTİN ŞƏHRİYAR BARƏDƏ DEDİKLƏRİ VƏ "HEYDƏRBABAYA SALAM" ŞEİRİNİN TARİXÇƏSİ...
"Şəhriyar mənim çox yaxın dostum idi, onu Təbrizdən Tehrana gətirmişəm, gəlib altı ay bizdə ailəsi ilə qalıb. Orada biz türk və fars dillərində ikidilli ədəbi məhvil yaratmışdıq. O bizim müasir türk dünyasının ən böyük şairlərindəndir.
Bir gün şahın xanımı kraliça Fərəh köməkçisini onun yanına göndərmişdi. Kraliça köməkçisindən Şəhriyara çoxlu salam və belə bir sifariş göndərmişdi: “Mən razı deyiləm ki, Şəhriyar ailəsi ilə doktor Cavad Heyətin evində daimi qalsın və onlara zəhmət versin. Mən istəyirəm Ustad icazə versin, ona Tehranda bir ev alım və ailəsi ilə o evə köçsün”.
Ustad Şəhriyarsa bunun əvəzində salamını kraliçaya çatdırmağı xahiş etdi:
“Kraliçaya deyin ki, çox sağ olsun. Mənim evə ehtiyacım yoxdur. Kraliça öz lütfünü göstərmək istəyirsə, göstəriş versin, mənim “Divan”ım türkcə də basılsın. O kitabın satışından özümə ev də ala bilərəm”. Mən buna şahidəm ki, kraliça ustadın xahişinə əməl etmişdi.
Şəhriyar əvvəllər farsca yazırdı. Onun türkcə şeir yazmasına anası səbəb oldu. Bir gün Şəhriyar farsca yazdığı bir şerini evdə anasına oxuyur, anası heç nə demir. Amma əvvəllər Şəhriyar yazdığı şeri anasına oxuyanda o çox sevinərdi. Anasından xəstə olub-olmadığını soruşur. Anası farsca xəstə olmadığını söyləyir. Şəhriyar bu cavaba çaşıb-qalır. Anası evdə farsca danışırdı! Özünü tanıdığı gündən bəri evdə hər kəs türkcə danışırdı.
Şəhriyar heyrətlə anasından soruşur: “Ana, sən nə üçün farsca danışdın?”. Anası Şəhriyara cavab verir ki, sən türkcə şeir yazmırsan ki, mən də sənə türkcə cavab verəm.
Şəhriyar öz-özünə söz verir ki, daha bundan sonra türkcə yazacağam. Elə həmin gün ilk türkcə şerini – “Heydərbabaya salam”ı yazmağa başlayır.
Mən Şəhriyarı çox sevərdim. Onunla 60 il dost olmuşam."

Etibar Əliyev, Millət vəkili

Oxşar xəbərlər