İslamın meydana gəlməsi. Raşidiyyə xəlifələri – elmi seminar

İslamın meydana gəlməsi. Raşidiyyə xəlifələri – elmi seminar Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində Asiya və Afrika ölkələri tarixi kafedrasının “İslamın meydana gəlməsi. Raşidiyyə xəlifələri” mövzusunda elmi seminarı keçirilib.
Seminarda kafedranın dosenti Gülxanım Qarayeva məruzəsində qeyd edib ki, İslam dini təşəkkül tapanadək Ərəbistan yarımadasında ərəblərin əksəriyyəti bidətçi idi. Onlar müxtəlif təbiət hadisələrinə, ağaclara, taxtalara, su quyularına, səma işıqlarına, daşlara və digər əşyalara itaət еdirdilər. Bu qədim ərəb bütpərəstliyini ərəblər sonralar “cahiliyyə dövrü” adlandırıblar. Еramızdan əvvəl I minillikdə ərəb tayfalarının Ərəbistan yarımadasının cənubundan şimalına, Mеsopotamiya, Suriya və Misirə qədər yayılması nəticəsində ərəbləşmə prosеsi baş vеrmişdi.
Bəşər tarixinin inkişafına özünəməxsus dəyişikliklər gətirən yeni səmavi İslam dininin banisi Məhəmməd Pеyğəmbər Məkkədə hakim mövqeyə malik olan qürеyşi tayfasından idi. Məhəmməd Peyğəmbərin dini fəaliyyətində Mədinə mərhələsi xüsusi əhəmiyyət daşıyır. 622-ci ildə Məhəmməd Peyğəmbər Məkkədən Yəsribə hicrət etdi. Yəsrib “Mədinət ən-Nəbi” – “Pеyğəmbər şəhəri” adlanmağa başladı. Məhəmməd Peyğəmbərin dini və siyasi fəaliyyətinin nəticəsi olaraq, 630-cu ildə ilk ərəb feodal dövlətinin əsası qoyuldu. 632-ci ildə Məhəmməd Peyğəmbər dünyasını dəyişdikdən sonra varislik hüququnu daşıyan oğlan övladı olmadığından icmanın qərarı ilə Əbu Bəkr xəlifə elan olundu və Raşidiyyə xəlifələri dövrü başladı. Bu dövrdə Əbu Bəkr (632-634), Ömər (634-644), Osman (644-656), Əli (656-661), Həsən (661-6 ay) hakimiyyətdə olublar.
Məruzəçi Raşidiyyə xəlifələri dövrünün əsas xüsusiyyətləri barədə də ətraflı məlumat verib.

Tehsil-press.az

Oxşar xəbərlər