“Müasir inşaatda izolyasiya problemləri və onun həlli yolları” - seminar

“Müasir inşaatda izolyasiya problemləri və onun həlli yolları” - seminar Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) İnşaatçılar Gününə həsr olunmuş “Müasir inşaatda izolyasiya problemləri və onun həlli yolları” mövzusunda seminar keçirilib.
İnşaat fakültəsinin dekanı dosent Sahib Fərzəliyev çıxış edərək mövzunun əhəmiyyətinə diqqət çəkib. O, istilik və su izolyasiya probleminin aktuallığından, həmçinin bu problemin həlli istiqamətində AzMİU-da aparılan tədqiqat işlərindən danışıb.
Materialşünaslıq kafedrasının müdiri professor İradə Şirinova çıxışı zamanı ölkəmizdə istehsal olunan tikinti materiallarının keyfiyyətinə diqqət çəkib və “Mətanət A” şirkətinin bu istiqamətdəki fəaliyyətini təqdirəlayiq adlandırıb.
Kafedranın dosenti Yasin Xəlilov isə ümumilikdə izolyasiya anlayışından, inşaat sektorunda istilik və su izolyasiyasının faydalarından və iqtisadi səmərəliliyindən bəhs edib. Tikinti sektorunda diqqət olunmalı ən vacib məqamlardan birinin termo və hidroizolyasiya olduğunu qeyd edən Yasin Xəlilov bu istiqamətdəki tədqiqatların əhəmiyyətinə toxunub.
Sonra “Mətanət A” şirkətinin nümayəndəsi Müjgan Bəşirova şirkət haqqında təqdimatla çıxış edib. Şirkətin digər nümayəndəsi Orxan Köçərin “Problemin qoyuluşu və həlli yolunda atılan addımlar” mövzusunda məruzəsi dinlənilib.
Diskussiya formatında davam etdirilən seminarda tələbələrin sualları cavablandırılıb.
Seminarda, həmçinin tələbələrin şirkətdə təcrübə keçməsi və onlara təqaüdlərin təyin olunması məsələləri müzakirə edilib.

Tehsil-press.az


Oxşar xəbərlər