Torpaqşünas alim Sumqayıt Dövlət Universitetində su ehtiyatları ilə bağlı məruzə edib

Torpaqşünas alim Sumqayıt Dövlət Universitetində su ehtiyatları ilə bağlı məruzə edib Sumqayıt Dövlət Universitetində “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi” mövzusunda elmi-praktik seminar keçirilib.
Tədbirdə Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Əlövsət Quliyev “Azərbaycanda su ehtiyatlarından istifadə, qədim su mənbələri-kəhrizlər” mövzusunda məruzə ilə çıxış edib.
Ə.Quliyev müasir dünyada şirin su mənbələrinin azalması, ətraf mühitin çirkləndirilməsi və sudan səmərəsiz istifadə nəticəsində mövcud su ehtiyatlarının sürətlə tükənməsindən danışıb. O, həmçinin zəngin şirin su ehtiyatlarına malik kəhrizlər haqqında ətraflı məlumat verib. Alim qeyd edib ki, ekosistemlərə heç bir mənfi təsir göstərməyən kəhrizlər quraqlıq zonalarda ən etibarlı su mənbəyi hesab olunur. Alimin məruzəsi böyük maraqla qarşılanıb və tələbələrin də iştirakı ilə müzakirələr aparılıb, onların sualları cavablandırılıb.
Seminarda diqqətə çatdırılıb ki, suyun strateji əhəmiyyəti, ona qənaət istiqamətində maarifləndirici işin aparılması həmişə aktualdır.

Tehsil-press.az



Oxşar xəbərlər