ADU-da tədbir: Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir

ADU-da tədbir: Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir Azərbaycan Dillər Universitetində (ADU) Nəsimi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı və Nəsimi Rayon Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları universitetin foyesində Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar. Daha sonra Dövlət Himni səsləndirilib.
Universitetin rektoru akademik Kamal Abdulla Ulu Öndər Heydər Əliyev haqqında fikirlərini bölüşüb. Qeyd edib ki, bu gün bizi möhtəşəm Qarabağ Zəfərinə aparan ordu quruculuğundan tutmuş Azərbaycanı ən sürətlə inkişaf edən ölkələr sırasına yüksəldən iqtisadi gücümüzə, ölkəmizi Avropanın ən etibarlı enerji tərəfdaşlarından birinə çevirmiş neft-qaz siyasətinə qədər dövlətimizin inkişaf etmiş bütün sahələrinin təməlində Heydər Əliyevin böyük əməyinin, zəkasının, uzaqgörənliyinin izləri var:
“Ulu Öndər Heydər Əliyev bütün varlığı, bilik və bacarığı ilə xalqına, torpağına bağlı dahi şəxsiyyət idi. Onun sayəsində Azərbaycan parçalanmaqdan, bir dövlət kimi yox olmaq təhlükəsindən xilas oldu. Güclü və qüdrətli Azərbaycanın gələcək nailiyyətləri məhz Ulu Öndərin adı ilə bağlıdır. Bu gün biz qalib xalq kimi bir daha fəxr edirik ki, azərbaycanlıyıq. Hər birimiz Ulu Öndərin ruhu qarşısında baş əyir, onun xatirəsini daima uca tuturuq. Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin yürütdüyü siyasət bizi daha da qüdrətli və yenilməz bir dövlətə çevirir”.
Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri tibb elmləri doktoru, professor Vaqif Şadlinski Ümummilli Lider Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb. Bildirib ki, hər zaman Azərbaycanı güclü, mətin, müstəqil görmək istəyən dahi lider Heydər Əliyev bundan ötrü qüvvəsini əsirgəmədi və ulu tanrının ona bəxş etdiyi fitri istedadı, qətiyyəti, diplomatik qüdrətini tam surətdə bu istiqamətə yönəltdi.
YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov gənclərə görkəmli dövlət xadimi Heydər Əliyevin təhsilə olan qayğısından söz açıb. O qeyd edib ki, Ulu Öndər hər zaman təhsilə, elmə xüsusi diqqət göstərib, Azərbaycan elminin inkişafı istiqamətində böyük işlərə imza atıb.
ADU-nun 3-cü kurs tələbəsi Jalə Eyvazova dahi lider Heydər Əliyevin azərbaycançılıq ideologiyasının əhəmiyyətindən danışıb. Qeyd olunub ki, Heydər Əliyev Azərbaycanı güclü dövlətə, müasir dünya ilə ayaqlaşan bir regiona çevirən siyasətin əsasını qoyub.
Tədbir bədii hissə ilə davam edib.

Tehsil-press.az


Oxşar xəbərlər