Azərbaycan Universitetində VII Karyera Günü keçirilib

Azərbaycan Universitetində VII Karyera Günü keçirilib Azərbaycan Universitetinin ənənəvi Karyera Günü “Excelsior Hotel & SPA Baku”da keçirilib. Universitetin Karyera Mərkəzinin təşkilatçılığı ilə bu il yeddincisi keçirilən tədbirdə dövlət qurumları və özəl sektoru təmsil edən müxtəlif profilli şirkət və təşkilatlar yuxarı kurs tələbələri və məzunlara öz vakansiyalarını, təcrübə və təqaüd proqramlarını təqdim ediblər. Tədbirdə 50-yə yaxın şirkət və təşkilat təmsil olunub.
Tədbiri giriş sözü ilə universitetin elmi işlər üzrə prorektoru Yusif Qasımov açıb. Prorektor Azərbaycan Universitetinin rəhbərliyi adından tədbir iştirakçılarını salamlayıb, universitetin dəvətini qəbul edən şirkətlərə, onların nümayəndələri və insan resursları menecerlərinə təşəkkür edib. Yusif Qasımov çıxışında Azərbaycan Universitetinin tələbə və məzunlarına karyera dəstək tədbirləri haqqında məlumat verib, tədbirin işinə uğurlar arzulayıb.
Ardınca Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində 4 saylı Bakı DOST Mərkəzinin Səyyar xidmətlərin təşkili şöbəsinin müdiri, 2018-ci il Sosial iş məzunu Kənan Əliyev, Azərsun Holding Logistika şöbəsinin müdiri, 2010-cu il Maliyyə və kredit məzunu Taleh Şahvələdov, Hədəf liseyinin İnformatika kafedrasının müdiri, olimpiadalar üzrə koordinator, 2017-ci il Kompüter mühəndisliyi məzunu Məmməd Kərimli çıxış edərək tələbə və məzunlara əmək bazarı haqqında müvafiq bilik və bacarıqların verilməsinin əhəmiyyəti haqqında danışıb, iştirakçılara uğurlar arzulayıblar.
Çıxışların ardından tədbirin əsas hissəsinə start verilib. Tədbirdə təmsil olunan təşkilat və şirkətlərin nümayəndələri və insan resursları üzrə menecerlər iştirakçıların işə müraciət və təcrübə keçmək üçün doldurduqları anketləri və hazırladıqları CV-ləri qəbul edib, onlara mövcud vakansiyalar, işə götürmə prosedurları, iş üçün müraciət qaydaları, düzgün CV hazırlanması, iş müsahibələrinə hazırlaşma, özünü təqdimetmə üsulları haqqında məsləhət və tövsiyələrini verib, həmçinin suallarını cavablandırıblar.
Ənənəvi karyera tədbirinin məqsədi universitetin yuxarı kurs tələbələrinin və məzunlarının əmək bazarında mövcud vəziyyətlə bağlı məlumatlılıq səviyyəsinin artırılması, onların əmək bazarına çıxışının dəstəklənməsi və məşğulluq problemlərinin həllinə kömək göstərilməsidir.

Tehsil-press.az


Oxşar xəbərlər