Ulu Öndər Azərbaycanda xatirə və ev-muzeylərinin yaradıcısıdır

Ulu Öndər Azərbaycanda xatirə və ev-muzeylərinin yaradıcısıdır Ümummilli Lider Heydər Əliyev hələ sovet hakimiyyəti illərində respublikada xatirə və ev-muzeylərinin yaradılması sahəsində mühüm işlərə imza atıb, bununla bağlı bir sıra sərəncamlar imzalayıb. Xalq şairi Səməd Vurğunun ev-muzeyi Ulu Öndərin göstərişi ilə 1975-ci ildə açılmış ilk xatirə muzeyidir.
Bu fikirləri tarix elmləri doktoru, professor Tahirə Həsənzadə söyləyib. O bildirib ki, Ulu Öndər Heydər Əliyev 1994-cü il sentyabrın 18-də maestro Niyazinin mənzil-muzeyinin açılışında iştirak edib. O, muzeyin xatirə kitabında bu sözləri qeyd edib: “Biz artıq 70-ci illərin əvvəllərində Bakıda, Azərbaycanda xalqımızın ayrı-ayrı şəxsiyyətlərinin ev-muzeylərini yaratmağa başladıq. Təəssüflə qeyd etməliyik ki, bir sıra memorial muzeylərin sovet dövründə rəhbər tutduqları prinsipləri, iş proqramını, metodikanı, tamaşaçılar qarşısında etdikləri mühazirələri rəhbər tutmaqda davam edirlər. Məsələn, Mirzə Fətəli Axundzadə, Mirzə Cəlil, Nəriman Nərimanov və başqaları yalnız beynəlmiləlçi mütəfəkkir kimi təqdim edilirlər. Halbuki onların hər biri milli-vətənpərvər ruhlu siyasi-ictimai xadim, Azərbaycan xalqının maariflənməsi və tərəqqisi naminə alovlu mübariz olmuşlar”.
Bu sözləri qeyd etməklə Ulu Öndər, heç şübhəsiz ki, görkəmli ictimai-siyasi xadim, ədib Nəriman Nərimanovu düşünüb, hakimiyyətə gəldiyi ilk illərində bu böyük insanın haqqını özünə qaytarmaq yolunda rast gəldiyi maneələri xatırlayıb. 1969-cu ildə Azərbaycana rəhbər təyin olunan Heydər Əliyev 1970-ci ildə Nəriman Nərimanovun anadan olmasının 100 illik yubileyinin keçirilməsi qərarına gəlib və bunun üçün Moskvaya müraciət edib. Moskvadan “bir millətçi üçünmü yubiley keçirmək istəyirsiniz?” sualını eşidən Heydər Əliyev bu yubileyin keçirilməsi üçün qətiyyətlə mübarizə aparıb, 1972-ci ildə həm yubileyin keçirilməsinə, həm də Bakının yüksək ərazisində heykəlinin açılışına nail olub. Beş ildən sonra 1977-ci il noyabrın 6-da Kommunist küçəsində (indiki İstiqlaliyyət küçəsində) tikilmiş ikimərtəbəli binanın ikinci mərtəbəsində Nəriman Nərimanovun xatirə muzeyi açıldı. 1979-cu ildə Gəncədə Nəriman Nərimanova abidə ucaldılıb. Bir sözlə, onun şəxsiyyətinə qarşı yersiz ittihamlara, böhtanlara son qoyulmasında dahi lider Heydər Əliyevin xidmətləri əvəzsizdir.
T.Həsənzadə diqqətə çatdırıb ki, Ulu Öndər digər görkəmli elm və mədəniyyət xadimlərinin, ədiblərin xatirə və mənzil muzeylərinin yaradılması üçün bir sıra sərəncamlar imzalayıb. Azərbaycanın ilk Xalq şairi Səməd Vurğunun, Cəfər Cabbarlının, Abdulla Şaiqin, Hüseyn Cavidin, Məmməd Səid Ordubadinin və digərlərinin xatirə muzeylərinin yaradılması bu qəbildəndir. Ulu Öndərin göstərişi ilə 1975-ci ildə açılmış Səməd Vurğunun xatirə muzeyi yazıçı və bəstəkarların xatirəsini əbədiləşdirir. Belə ki, muzeyin eksponatlarından biri olan royalda dahi bəstəkar Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Səid Rüstəmov vaxtilə öz əsərlərini ifa edib, ölməz sənətkar Bülbül “Sənsiz” romansını Üzeyir Hacıbəylinin müşayiətilə səsləndirib.
Xatirə və ev-muzeyləri Azərbaycan SSR KP MK və Azərbaycan SSR Nazirlər Sovetinin 1976-cı ildə “Dahi ədəbiyyat və incəsənət xadimlərinin adını əbədiləşdirmək haqqında” qərarı və Azərbaycan SSR Mədəniyyət Nazirliyinin 1979-cu il oktyabr tarixli qərarına əsasən yaradılmağa başlanıb.
Dahi şəxsiyyət Heydər Əliyev 1982-ci ilin iyulunda muzey işçilərinin Respublika müşavirəsində diqqəti tarix-diyarşünaslıq muzeylərinin yaradılması zərurətinə də yönəldib: “Muzeylər mühüm mədəniyyət ocaqlarına, zəhmətkeşlərin, xüsusilə cavan nəslin ideya-siyasi və mədəni tərbiyəsinin mərkəzinə çevrilmişdir. Muzeylər, söz yox ki, hər bir vətəndaşın öz diyarının, rayonunun, kəndinin tarixinə bələd olması üçün də vacibdir. Bir sözlə tarix-diyarşünaslıq muzeylərinin təşkil edilməsi zəruriliyi göz qabağındadır”. Heydər Əliyev müşavirədən bir il öncə, 1981-ci ildə Cəlilabad və Xaçmazda tarix-diyarşünaslıq muzeylərinin açılışında iştirak edib və muzey əməkdaşlarına dəyərli məsləhətlərini verib.
“1991-ci ildə dövlət müstəqilliyimiz bərpa etdikdən sonra respublikada muzey işi sahəsində müəyyən dəyişikliklər edildi. Muzey şəbəkələri yeni tələblərə uyğunlaşdırıldı. Belə ki, Abdulla Şaiqin ev-muzeyi ədibin anadan olmasının 120 illiyi ilə əlaqədar ölkə Prezidentinin sərəncamı ilə yaradıldı və 2001-ci ilin fevralında rəsmi açılışı oldu. Dahi Hüseyn Cavidin ev-muzeyinin açılışı isə 2002-ci ilin oktyabrında keçirildi ki, bu da şairin anadan olmasının 100 illiyi münasibətilə 1981-ci ildə verilmiş Sərəncamın yerinə yetirilməsi demək idi. Ulu Öndər Heydər Əliyevin Azərbaycanda muzeylərin yaranmasına diqqət və qayğısı sayəsində görkəmli elm və mədəniyyət xadimlərinin, görkəmli ədiblərin xatirə və ev-muzeylərinin açılması, gənc nəslin maariflənməsində, ədəbi irsimizə dərindən yiyələnməsində, bir sözlə, həmin unudulmaz şəxsiyyətlərin əbədi ölümdən güclü olan həyat qazanmasında əvəzsiz rol oynamaqdadır”,- deyə professor fikrini yekunlaşdırıb.

Tehsil-press.az



Oxşar xəbərlər