UNEC Empirik Tədqiqatlar Mərkəzində interdisiplinar intellektual töhfələrə yönəlmiş tədqiqatlar aparılır

UNEC Empirik Tədqiqatlar Mərkəzində interdisiplinar intellektual töhfələrə yönəlmiş tədqiqatlar aparılır Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində fəaliyyət göstərən UNEC Empirik Tədqiqatlar Mərkəzi interdisiplinar intellektual töhfələrə yönəlmiş tədqiqatlarla məşğul olur. Mərkəzin tədqiqatçıları rifah iqtisadiyyatı, siyasi, institusional, ictimai və enerji iqtisadiyyatı kimi sahələrdə çoxsaylı tədqiqat suallarını qeyri-ənənəvi tədqiqat perspektivindən araşdırırlar.
Bunu Empirik Tədqiqatlar Mərkəzinin əməkdaşı və UNEC-in Beynəlxalq iqtisadiyyat və biznes kafedrasının müəllimi Nicat Muradzadə söyləyib. O bildirib ki, Mərkəz UNEC-in daxili qrant müsabiqəsində qalib olub, “Universitet-dövlət-sənaye (UDS) əlaqələrində effektiv kommunikasiya problemi: kim nə istəyir?” adlı tədqiqat layihəsini Bilik İqtisadiyyatı UNEC Tədqiqat Mərkəzinin tədqiqatçıları ilə birlikdə uğurla icra edib. Layihənin nəticələri kitab halında dərc olunaraq iyunun 16-da universitet rəhbərləri, rəsmi şəxslər və özəl sektor nümayəndələrinin iştirakı ilə ictimaiyyətə təqdim olunacaq. Mərkəz beynəlxalq əməkdaşlığı gücləndirməyi, tətbiqi tədqiqatları şaxələndirməyi, habelə aylıq olaraq sahəvi praktiki nəşrləri artırmağı hədəfləyir.
Empirik Tədqiqatlar Mərkəzi tədqiqatlarla yanaşı bir sıra elmi tədbirlər də həyata keçirir. Buna misal olaraq, mayın 26-27-də UNEC-in əsas binasında keçiriləcək Sosial elmlər üzrə gənc tədqiqatçıların beynəlxalq konfransını qeyd etmək olar (International Conference of Young Social Science Researchers-ICYSSR 2023). Konfransa 12 ölkədən çoxsaylı müəlliflər tərəfindən məqalələr daxil olub, 15 ölkədə 32 təşkilatda çalışan qabaqcıl ekspertlərin rəy və təşkilatçılıq prosesində iştirakı təmin olunub.
Qeyd edək ki, Nicat Muradzadə Böyük Britaniyada Qlazqo Universitetinin Beynəlxalq iqtisadiyyat ixtisası üzrə magistratura səviyyəsini fərqlənmə ilə birinci sırada, Türkiyə İstanbul Universitetinin biznes idarəetməsi ixtisası üzrə bakalavriat səviyyəsini isə fərqlənmə ilə ilk üçlükdə bitirib. Bir kitabın, 4 elmi məqalənin, 2 konfrans materialının, bir neçə praktiki tövsiyənin və mətbuatda dərc olunmuş çoxsaylı elmi-publisistik məqalələrin müəllifidir.

Tehsil-press.az


Oxşar xəbərlər